RASİM MİRQASIM OĞLU OCAQOV
Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Şəkidə anadan olmuşdur. O, 1951-ci ildə orta məktəbi bitirərək, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olmuş, 1956-cı ildə burada təhsilini başa vurmuş, 1961-1967-ci illərdə isə Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq fakültəsində təhsil almışdır.
Əmək fəaliyyətinə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov burada müxtəlif vəzifələrdə çalışmışdır.
Dünya kinematoqrafının ənənələrindən ustalıqla faydalanmış sənətkar kimi Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirəlayiqdir. Operator işi və sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail olmuşdur.
Azərbaycan kinematoqrafiyasında artıq istedadlı kinooperator kimi şöhrət qazanmış Rasim Ocaqov 1970-ci illərdən etibarən rejissorluq sahəsində fəaliyyət göstərməyə başlamışdır. O, Azərbaycan kino mədəniyyəti ənənələrinin zənginləşdirilməsində böyük əmək sərf etmiş, kino sənətimizə yeni-yeni uğurlar qazandırmışdır. Rasim Ocaqov ekran həyatı verdiyi bədii və sənədli filmləri ilə kino sənəti salnaməmizə parlaq səhifələr yazmışdır. Onun çəkdiyi həqiqi sənət nümunələri olan bu filmlər Azərbaycan kinematoqrafının qızıl fonduna daxil olmuşdur. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil etmişdir.
Rasim Ocaqovun böyük operatorluq və rejissorluq məharəti sənətkara ölkəmizin hüdudlarından kənarda da böyük şöhrət gətirmişdir. Onun yaratdığı kino və televiziya filmləri ayrı-ayrı kinofestivallarda Azərbaycan mədəniyyətini yüksək səviyyədə təmsil edərək müxtəlif təltiflərə layiq görülmüş, sənətşünaslar və tamaşaçılar tərəfindən daim böyük rəğbətlə qarşılanmışdır.
Azərbaycan kino sənətinin tanınmış nümayəndəsi Rasim Ocaqovun milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, müxtəlif illərdə bir sıra dövlət mükafatları və fəxri adlar almış, müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Görkəmli sənətkar və qayğıkeş insan olan Rasim Ocaqovun işıqlı xatirəsi həmişə ürəklərdə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə,
Oqtay Əsədov, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,
Fatma Abdullazadə, Əbülfəs Qarayev,
Anar Rzayev, Rüstəm İbrahimbəyov,
Vasif Adıgözəlov, Fərhad Xəlilov,
Azər Paşa Neymətov, İsa Hüseynov,
Eldar Quliyev, Oqtay Mirqasımov,
Rasim Balayev, Nodar Şaşıqoğlu,
Xamis Muradov
X X X
Mərhumun cənazəsi vidalaşmaq üçün 2006-cı il iyulun 12-də saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında (Azərbaycan prospekti, 8) qoyulacaqdır.