DÜNYA
Rəcəb Tayyib Ərdoğan : COVID-19 peyvəndi insanlığın ortaq malı olmalıdır
![Rəcəb Tayyib Ərdoğan : COVID-19 peyvəndi insanlığın ortaq malı olmalıdır](/files/2020/2/1200x630/15886111081057829568_1200x630.jpg)
İstanbul, 4 may, AZƏRTAC
Türkiyənin Nazirlər Kabinetinin növbəti toplantısında iştirakı səbəbindən Avropa Birliyi (AB) Komissiyasının yeni növ koronavirusla mübarizəyə həsr olunmuş tədbirinə qatıla bilməyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirə videomesaj göndərib.
AZƏRTAC xəbər verir ki, mesajda yeni növ koronavirusla (COVID-19) mübarizədə Türkiyənin milli fəaliyyətləri ilə yanaşı diaqnoz, müalicə və peyvəndin inkişaf etdirilməsi istiqamətindəki qlobal səyləri də dəstəklədiyini ifadə edən Türkiyə Prezidenti COVID-19 peyvəndinin bütün insanlığın ortaq malı olmasının, bu baxımdan hazırlanacaq peyvəndi qlobal çərçivədə əldə etməyə veriləcək zəmanətin və “heç kimdən geri qalmamaq” prinsipinin əsas tutulmasının vacibliyini vurğulayıb.
Ölkədə COVID-19 pandemiyası ilə mübarizə barədə məlumat verən Türkiyə Prezidenti indiyədək ölkə xəstəxanalarına edilən yatırımların pandemiya ilə mübarizədə çox böyük üstünlük olduğunu bildirib. Qeyd edilib ki, hazırda İstanbulun üç fərqli nöqtəsində 2 min 100 xəstə üçün nəzərdə tutulan modern xəstəxana binası inşa edilir. Bu xəstəxanaların üç həftə ərzində istifadəyə verilməsi gözlənilir.
COVID-19-un yalnız sağlamlıq problemi deyil, eyni zamanda, siyasi, iqtisadi və sosial sahələr üçün də qlobal sınağa çevrildiyini ifadə edən Rəcəb Tayyib Ərdoğan pandemiyanın dilindən, dinindən fərqli olmayaraq insanları birləşdirdiyini də vurğulayıb. Rəcəb Tayyib Ərdoğan indiyədək Türkiyənin COVID-19-la mübarizədə dünyanın 57 ölkəsinə dəstək olduğunu, yardımların göndərildiyini, təcrübə mübadiləsi apardığını xatırladıb.
Peyvəndin hazırlanmasında Türkiyənin maliyyə dəstəyi göstərəcəyini deyən Rəcəb Tayyib Ərdoğan bunun üçün müəyyən ediləcək məbləğin mayın 23-nə qədər açıqlayacaqlarını bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul