REGİONAL EKOLOGİYA LAYİHƏSİNİN BİRİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATMIŞDIR
“Ekoloji informasiya, ictimaiyyətin təhsili və məlumatlılığı” regional layihəsinin birinci mərhələsinin başa çatması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində mətbuat konfransı keçirilmişdir. TASİS proqramı çərçivəsində Avropa Birliyinin maliyyələşdirdiyi bu layihəni Hollandiyanın “Royal Haskoninq” şirkəti, Mərkəzi və Şərqi Avropa üçün Regional Ekologiya Mərkəzi (iqamətgahı Kiyevdədir) MDB-nin 6 ölkəsində - Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynada həyata keçirir. Onun üçün 2,5 milyon avro ayrılmışdır. Həyata keçirilməsinə 2002-ci ilin iyunundan başlanmış layihə 2004-cü ilin dekabrında sona çatdırılacaqdır. Layihənin rəhbəri xanım Veronika Vann onun mahiyyətindən danışaraq qeyd etdi ki, Orxus Konvensiyası müddəalarının yerinə yetirilməsi üçün layihə çərçivəsində vəzifəli şəxslərə, qeyri-hökumət təşkilatlarına, KİV-lərə və ictimaiyyətə kömək göstərilmişdir. 1998-ci ildə Danimarkanın Orxus şəhərində qəbul edilmiş Konvensiyanın yerinə yetirilməsi prosesində onu dəstəkləyən ölkələr nəinki ictimaiyyətin geniş təbəqələrinin qərarların qəbuluna cəlb olunmasının stimullaşdırılması sayəsində ətraf mühitin mühafizəsi tədbirlərini gücləndirir, həm də qanunvericilik-hüquq sisteminə dəqiq demokratik müddəa və qaydalar daxil edirlər. Azərbaycan Konvensiyanı 2000-ci ildə ratifikasiya etmişdir. Layihənin iştirakçısı olan bütün ölkələrdə milli qruplar yaradılmışdır. Onların tərkibinə layihənin əsas maraqlı tərəflərinin, o cümlədən ekologiya və təbii sərvətlər, ədliyyə nazirliklərinin 8 nümayəndəsi daxildir. Layihə çərçivəsində regional təlim-informasiya paketləri, Konvensiyanın məsələlərinə dair təlimat işlənib hazırlanacaq, dövlət qulluqçuları və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün 6 məşğələ keçiriləcək, milli və yerli səviyyədə təcrübə layihələri gerçəkləşdiriləcək, müxtəlif ölkələrə təlim səfərləri təşkil ediləcəkdir. Birinci mərhələnin gedişində xüsusi buklet hazırlanmışdır. Burada Orxus Konvensiyasının mahiyyəti, layihənin iştirakçısı olan ölkələrdə onun müddəalarının yerinə yetirilməsinin vəziyyəti barədə müfəssəl məlumat verilir.