REJİSSOR VƏ AKTYOR MƏMMƏD ƏLİLİNİN XATİRƏSİNƏ EHTİRAM
Görüşü Fondun direktoru Cəmil Quliyev açaraq demişdir ki, bu tədbiri çoxları gözləyirdi, çünki belə tədbirlər milli kinematoqrafın keçdiyi şanlı və çətin yolu gənclərə bir daha xatırladır.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə SSRİ xalq artisti, böyük kinorejissor İosif Xeyfitsin memuarlarından həmvətənimizə həsr olunmuş sitatlar gətirmişdir. İ.Xeyfitsin fikrincə, Məmməd Əlili filosofun və ruhdan düşməyən adamın, çəkiliş meydançasında sıravi işçinin və liderin nadir keyfiyyətlərini özündə birləşdirmişdir. Məhz o, kinematoqrafsız bir gün belə yaşamağın mümkün olmadığını insanlara aşılamağı bacaran şəxsdir.
Xalq artisti Muxtar Maniyev demişdir ki, Roman Karmen kimi dünyaşöhrətli kinorejissorlarla işləyən Məmməd Əlili 40-dək bədii film çəkmişdir. Müxtəlif illərdə çəkilərək, ölkəmizin hüdudlarından kənarda da böyük şöhrət qazanmış “Dənizi fəth edənlər”, “Azadlıq şirin sözdür”, “Bəxtiyar”, “Koroğlu”, “Fətəli xan” kimi filmlər onun yaradıcılığının məhsuludur.
Sonra kino xadiminin doğmaları və yaxın dostları onun həyat və yaradıcılığı haqqında xatirələrini danışdılar.