Rektor: Bu il BDU-da bakalavriat səviyyəsində 76 ixtisas üzrə qəbul aparılacaq
Bakı, 28 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri”nin təşkilatçılığı ilə keçirilən “Açıq qapı” günü çərçivəsində BDU-nun rektoru Elçin Babayevin abituriyentlərlə görüşü təşkil olunub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Rektor bu il sentyabrın 1-də 107 yaşı olacaq Bakı Dövlət Universitetinin bir əsrdən çoxdur Azərbaycanın elmi məktəblərinin əsasını qoyduğunu və bu missiyanın hazırda uğurla inkişaf etdirildiyini deyib. Bildirib ki, 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan BDU bu gün 16 fakültə, 114 kafedra, 3 mindən çox professor-müəllim heyəti və 25 mindən çox tələbəsi ilə ölkə ali təhsilinin əsas sütunlarından birinə çevrilib. Universitetin məzunları Azərbaycanın insan kapitalı üçün dəyərli xəzinəyə çevrilib. Məzunlar arasında xalqımızın Ümummilli Lideri Heydər Əliyev də yer alır.
Rektor deyib: “Hazırda BDU-da rəqəmsallaşma dövrünün tələblərinə uyğun müasir elm istiqamətlər öyrənilir, tədris prosesinin yaxşılaşdırılması ilə bağlı intensiv işlər görülür. 2 nömrəli tədris binasının müasir dövrün tələblərinə uyğun əsaslı təmir olunması və 1 nömrəli tədris binasının bu prosesə cəlb edilməsi qeyd olunan istiqamətlərin davamıdır. Həmçinin müasir elmi-tədqiqat laboratoriyalarının qurulması, ən yeni avadanlıqla təchiz olunması tələbələrin elmi araşdırma mühitinin genişləndirilməsi ilə bağlı atılan addımlardandır.
BDU dünyanın aparıcı ali təhsil müəssisələri ilə ikili diplom və mübadilə proqramları həyata keçirir, tədris standartlarının artırılması ilə bağlı müxtəlif təcrübələrdən də faydalanır. Bütün bunlar tədqiqat universiteti olmağa hazırlaşan BDU-nun bu istiqamətdə gördüyü işlərdir. Təsadüfi deyil ki, universitetimiz bu il nüfuzlu reytinq təşkilatı olan QS-nin nəticələrinə əsasən Cənubi Qafqazda və Azərbaycanda birinci olaraq dünya universitetləri arasında TOP-600-lük yerdə qərarlaşıb. Bütün bunların yanında dövlət-özəl əməkdaşlığını da qeyd etmək olar ki, bu istiqamətdə də BDU istər yerli, istər xarici özəl şirkətlər ilə tələbələr üçün təcrübə-tədqiqat mühitinin yaradılması ilə bağlı geniş imkanlar yaradır”.
BDU-nun rektoru, həmçinin qeyd edib ki, hazırda Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, “YENİ Klub”, “İƏT Modeli klubu”, habelə Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir.
Bu il bakalavriat səviyyəsində 76 ixtisas üzrə qəbulun aparılacağını deyən rektor Elçin Babayev abituriyentlərə uğurlar arzulayıb, onları böyük BDU ailəsinin üzvü olmağa çağırıb.
Daha sonra BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Tədrisin təşkili və idarə olunması mərkəzinin şöbə müdiri Fərhad Aydınlı, Tədrisin idarə olunması sektorunun müdiri Vüsal İsmayılov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Keyfiyyət təminatı mərkəzinin mütəxəssisi Jalə Hüseynova abituriyent və valideynlərin suallarını cavablandırıblar.