Rektor: İntellektli, savadlı gənclərin yetişdirilməsi hər bir xalq üçün əhəmiyyətlidir
Bakı, 1 fevral, AZƏRTAC
Mənəvi baxımdan sağlam, intellektli, savadlı gənclərin yetişdirilməsi hər bir xalq və ölkə üçün çox əhəmiyyətlidir. Ölkənin dayanıqlı inkişafı, xalqın isə gələcək müqəddəratı gənclərdən asılıdır. Azərbaycan Gəncləri Gününün təsis edilməsi özündə dərin strateji məqsədləri ehtiva edir.
Azərbaycan Texniki Universitetindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər rektor Vilayət Vəliyevin 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə müraciətində yer alıb. Müraciətdə deyilir: “1996-cı il fevralın 2-də ümummilli lider Heydər Əliyev Azərbaycan Gənclərinin I Forumunda “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deməklə əslində yetişən gənclik qarşısında strateji hədəflər müəyyən edib. O, 1997-ci ildə imzaladığı Sərəncamla fevralın 2-ni Azərbaycan Gəncləri Günü elan etməsi ilə ölkəmizdə gənclər hərəkatının vüsət almasına təkan vermiş oldu. Bu mühüm qərarla respublikamızın ictimai-siyasi həyatında gənclərin fəal iştirakı üçün real şərait yarandı, gənclərə böyük dövlət qayğısı formalaşdı. Ulu Öndərin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün gənclərimiz ölkənin inkişafında fəal rol oynayırlar. Onların uğurlu fəaliyyətini bütün sahələrdə görmək mümkündür.
Gənclikdən danışarkən, heç şübhəsiz, bizə böyük qələbə sevincini yaşadan, öz canı, qanı ilə böyük tarix yazaraq torpaqlarımızı işğaldan azad edən ləyaqətli övladlarımızı da xatırlamalıyıq. Vətən müharibəsində canından keçmiş 2800 nəfərdən çox şəhidimizin, sağlamlıqlarını itirmiş qazilərimizin hamısı gənclərdir. Onlar bir daha sübut etdilər ki, Vətən, dövlət, xalq etibarlı əllərdə, şərəfli bir gəncliyin mühafizəsi altındadır. Şəhidlik zirvəsinə ucalmış gənclərimizin ruhu qarşısında baş əyir, qazilərimizə isə şəfa diləyirəm.
Azərbaycan Texniki Universitetində təhsil alan gənclər arasında vətənpərvərlik ruhu həmişə yüksək olub. Vətən müharibəsində 26 nəfər şəhid verməsi, Suqovuşanda ilk zəfər bayrağını yüksəldən əsgərin bizim universitetin tələbəsi olması dediklərimə bariz nümunədir.
Çox xoşbəxtik ki, bu cür qeyrətli, vətənpərvər gəncliyə malikik. Bu mənada ölkəmizin gələcəyi parlaq, inkişafı isə daimi olacaq.
Azərbaycan Gəncləri Günü münasibəti ilə hər bir gənci, xüsusi ilə AzTU-nun gənc məzun və tələbələrini ürəkdən təbrik edirəm”.