Rektor: Vətən müharibəsi şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Daha sonra Aİİ-nin II kurs tələbəsi Qismət Rzayev tərəfindən şəhidlərimizin ruhuna Quran tilavəti təqdim edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təhsil müəssisəsinin rektoru Aqil Şirinov Anım Günü tədbirində çıxış edərək, Vətən müharibəsinin şanlı tariximiz, şəhidlər və qazilərin qürur mənbəyimiz olduğunu vurğulayıb. Rektor diqqətə çatdırıb ki, respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirib.
Aqil Şirinov qeyd edib ki, Qarabağ Zəfəri sabahımız üçün möhkəm bünövrədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini, eyni zamanda, Azərbaycanın öz suverenliyini tam təmin etdiyini deyən rektor bu gün şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıb.
Daha sonra Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov çıxış edib. O vurğulayıb ki, şəhidlər canlarını Vətən uğrunda fəda edərək, torpaqlarımızı azad ediblər. Biz də müqəddəs dəyərlərimizə sahib çıxmalıyıq.
Vətən müharibəsi şəhidi, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məzunu Vüqar Məmmədovun anası Əsmər Məmmədova oğlunun ordu sıralarına könüllü qoşulduğunu qeyd edib. Şəhid anası övladının keçdiyi döyüş yolundan bəhs edib. Vətən müharibəsi şəhidlərini və qazilərini hər zaman yad edən Azərbaycan İlahiyyat İnstitutunun kollektivinə təşəkkürünü bildirib.
Daha sonra institutun İslamşünaslıq kafedrasının dosenti Rəşad Mustafa “Qələbə tariximiz” mövzusunda çıxış edib.
Tədbirdə Azərbaycan Televiziyasının “Tarixin izi ilə” layihəsi çərçivəsində hazırlanmış “Qarabağın qədim tarixi” filmi nümayiş olunub.