REPRESSİYA QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 5-də Azərbaycan Yazıçılar Birliyində (AYB) repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Repressiya qurbanları olan şair və yazıçılarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şair Gülhüseyn Hüseynoğlu 1937-ci il repressiyasının qurbanları olan Hüseyn Cavid, Mikayıl Müşfiq, Salman Mümtaz, Heydər Hüseynov, Seyid Hüseyn, Əhməd Cavad və başqa şair-yazıçılarımızı yada salmış, onların yaşadıqları məşəqqətli dövr haqqında məlumat vermişdir. Natiq qədirbilən Azərbaycan xalqının hafizəsində, yaddaşlarında hifz edilərək qorunan bu insanların heç zaman unudulmayacağını, daim yad ediləcəyini vurğulamışdır. G.Hüseynoğlu ölkə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən bu il repressiya qurbanları Mikayıl Müşfiq və didərgin şair Almaz İldırımın 100 illik yubileylərinin qeyd olunmasını böyük minnətdarlıq hissi ilə diqqətə çatdırmışdır.
Şair Fikrət Sadıq, yazıçı-publisist Bəhram Babaxanlı o dövrdə yaşanan ziyalı səksəkəsindən, daxili və xarici düşmənlərin təhriki ilə zəka və fikir adamlarımızın məhv edilməsindən həyəcanla danışmışlar.
Hüseyn Cavidin ev-muzeyinin direktoru Sevda Turan söyləmişdir ki, 1937-ci il dedikdə dərhal Hüseyn Cavid, Mikayıl Müşfiq yada düşür. Natiq böyük ədəbiyyatımızın hamisi, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ədəbiyyat xadimlərinə, o cümlədən H.Cavidə qayğısından minnətdarlıq hissi ilə söhbət açmışdır. O, vurğulamışdır ki, H.Cavidin nəşini uzaq Sibirdən yalnız Heydər Əliyev nüfuzu gətirərək, doğma Naxçıvan torpağına qovuşdurmuşdur.
Tədbirdə çıxış edənlər bu gün repressiya qurbanlarının irsinin qorunmasından razılıqlarını bildirmişlər.