RƏŞİD MƏMMƏDBƏYOVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ GÜLƏŞ ÜZRƏ RESPUBLİKA TURNİRİ BAŞLANMIŞDIR
Bakı, 9 noyabr (AZƏRTAC). Noyabrın 9-da ABU Arena idman kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr (1993-1995-ci il təvəllüdlü) arasında respublika turniri başlanmışdır.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan Güləş Federasiyasının yunan- Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov, Federasiyanın yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev Azərbaycanda son illər idmanın, xüsusilə güləşin inkişafında əldə olunmuş nailiyyətlərdən danışmışlar. Vurğulanmışdır ki, turnirin keçirilməsində məqsəd Rəşid Məmmədbəyovun xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq, idmançılara Vətənə məhəbbət hisslərini aşılamaqdır. Mərhum idmançının oğlu Faiq Məmmədbəyov isə atasının xatirəsinin yad edildiyi üçün Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirmişdir.
Turnirin ilk iki günü yunan - Roma, noyabrın 10-11-də isə sərbəst güləş üzrə yarışlar keçiriləcəkdir.
İdmançılar 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kiloqram çəki dərəcələrində mübarizə aparırlar. Turnirdə əsasən, region birinciliklərinin qalibləri olmuş idmançılar iştirak edirlər.
Bu günlərdə Azərbaycanda təlim - məşq toplanışında olan Macarıstanın güləş üzrə yeniyetmələrdən ibarət yığma komandasının iki üzvü də qalib adı uğrunda qüvvəsini sınayır.
Qaliblərə medal, diplom və mükafatlar təqdim olunacaqdır.
Turnirin nəticələrinə əsasən, hər güləş növü üzrə yığma komandaların heyətləri müəyyənləşəcək və bu heyətlər 2010-cu ilin yanvar ayında şəhid idmançı Müşfiq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcəklər.