RESPUBLİKA ALİ MƏHKƏMƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Aprelin 4-də Avropa mehmanxanasında Azərbaycan Respublikası Ali Məhkəməsinin, Apellyasiya Məhkəməsinin, İqtisad Məhkəməsinin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə birlikdə təşkil etdikləri “Azərbaycan Respublikası MPM-yə müvafiq olan üçpilləli məhkəmə sistemi və məhkəmə qərarlarının hüquq implementasiyası və təfsirində rolu” mövzusunda seminar keçirilmişdir.
Ali Məhkəmənin sədri Südabə Həsənova seminarı açaraq bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən və yeni iqtisadi münasibətlərə əsaslanan inkişaf yolunu tutduqdan sonra məhkəmələr əvvəlki qaydada və keçmiş qanunlarla işləyə bilməzdi. Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi və yaxından köməyi sayəsində respublikada müstəqil məhkəmə hakimiyyətinin formalaşması və demokratik prinsiplərə əsaslanan məhkəmələrin yaradılmasının əsası qoyulmuşdur.
1997-ci il iyulun 10-da qəbul olunmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu, eləcə də ölkə Prezidentinin müvafiq fərman və sərəncamları məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinin hüquqi bazasını təşkil etmişdir. Həmin qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə Prezidentin 1998-ci il dekabrın 1-də imzaladığı fərman bu islahatların aparılmasında xüsusi rol oynamışdır.
Ali Məhkəmənin sədri demokratik hüquqi dövlət quruculuğu işində olduqca böyük əhəmiyyət kəsb edən və qanunun aliliyinə əsaslanan, Konstitusiyada bəyan edilmiş prinsiplərin həyata keçirilməsinə xidmət edə bilən güclü məhkəmə hakimiyyətinin bərqərar olmasını, Avropa Şurası ekspertlərinin rəyi alınmaqla beynəlxalq standartlara uyğun yeni Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual məcəllələrinin və digər qanunların qəbul edilməsini, 2000-ci il sentyabrın 1-dən Azərbaycanda məhkəmə hakimiyyətinin yeni qanunlarla və yeni keyfiyyətdə işə başlamasını, birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələrindən ibarət üçpilləli məhkəmə sisteminə keçirilməsini, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı məhkəmə müdafiəsi üçün möhkəm təminatın yaradılmasını vurğulayaraq, məhkəmələrin müstəqilliyinin təmin edilməsi üçün bütün şəraitin yaradıldığını bildirdi.
S.Həsənova son illər Ali Məhkəmənin Avropa Şurası, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti, ATƏT və bir sıra başqa beynəlxalq təşkilatlar ilə birlikdə görüşlər və seminarlar keçirməsinin yeni qanunvericiliyin mənimsənilməsində böyük əhəmiyyəti olduğunu bildirdi. Eyni zamanda dedi ki, yeni məhkəmə sisteminin tam gücü ilə işləməsi və qəbul olunmuş qanunların mükəmməl tətbiqi üçün çox işlər görülməli, yeni təyin edilmiş hakimlər və məhkəmə işçiləri qanunları dərindən öyrənməli və öz fəaliyyətlərində qanunun aliliyi prinsipinə dönmədən və ardıcıl sürətdə əməl etməlidirlər.
Seminarda Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Keçid dövrü ölkələrində hüquq islahatları” layihəsinin rəhbəri, Bremen Universitetinin professoru Rolf Kniper, Bremen Əyalət məhkəməsinin hakimi, Texniki Əməkdaşlıq Cəmiyyətinin eksperti Hayn Bölinq “Azərbaycan Respublikası MPM-yə uyğun olan mülki və iqtisad işləri üzrə məhkəmə instansiyaları” və “Məhkəmə qərarlarının hüququn implementasiyası və təfsirində rolu” mövzularında çıxış etdilər.
Mövzular ətrafında diskussiyalar oldu, geniş fikir mübadiləsi aparıldı.