Respublika Gənclər Kitabxanası dünya klassiklərinin təbliğini davam etdirir
Bakı, 11 noyabr, AZƏRTAC
Gənc nəslin dünya klassiklərini tanımaları, dünya ədəbiyyatı incilərini mütaliəsini və təbliğini təşkil etmək məqsədilə Respublika Gənclər Kitabxanası xarici ədəbiyyat nümayəndələrinin yubileylərinə xüsusi önəm verir. Görkəmli yazıçı Fyodor Dostoyevskinin 200 illiyi də istisna olmamışdır.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Respublika Gənclər Kitabxanası dramaturqun həyat və yaradıcılığına həsr olunmuş Azərbaycan və rus dillərində videoçarxları, virtual kitab sərgiləri və “Yoxsul insanlar” kimi əsərlərinə “book trailer” lər hazırlayaraq, izləyicilərə təqdim edib. Hazırlanan materiallarda yazıçının həyat yolu, yaradıcılıq mərhələləri haqqında geniş, ətraflı məlumat verilib. Burada Dostoyevskinin müəllifi olduğu kitablar nümayiş etdirilib, hekayə, roman və povestlərinin siyahıları təqdim olunub. “Yoxsul insanlar”, “Karamazov qardaşları”, “Cinayət və Cəza”, “Ölü evdən qeydlər”, “Alçaldılmış və təhqir olunmuşlar” və bu kimi əsərləri haqqında geniş məlumat verilib.
İstər Azərbaycan, istərsə də rus dillərində hazırlanan bu materiallar rus ədəbiyyatının parlaq nümayəndəsi F.Dostoyevski haqqında faktlar, sağlığında söylədiyi və sonradan qızıl kəlimələrə çevrilən aforizmləri, müəllifi olduğu əsərlərin annotasiyaları ilə zəngindir.