RESPUBLİKA TƏHSİL ŞURASININ YIĞINCAĞINDA DÖVLƏT BAŞÇISI İLHAM ƏLİYEVİN PREZİDENT SEÇKİLƏRİNDƏ NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, aprelin 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Respublika Təhsil Şurasının təhsil islahatlarına həsr olunmuş yığıncağı keçirilmişdir.
Tədbirdə dövlət başçısı İlham Əliyevin qarşıdakı prezident seçkilərində namizədliyi yekdilliklə dəstəklənmişdir.
Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev qurumun 1998-ci ildə Azərbaycan müəllimlərinin I qurultayında məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını və o zamandan müstəqil bir təşkilat kimi ölkə təhsilinin inkişafında öz sözü və mövqeyi olduğunu bildirmişdir.
Tədbirin ulu öndərin 85 illik yubileyinin qeyd edilməsi ilə eyni vaxtda keçirilməsinin təsadüfi olmadığını deyən Ə.Ağayev vurğulamışdır ki, Heydər Əliyevin təhsilə diqqət və qayğı göstərməsinin başlıca məqsədlərindən biri Azərbaycan təhsil sistemini dünya standartlarının tələbləri səviyyəsinə qaldırmaq olmuşdur.
Respublika Təhsil Şurasının fəaliyyətini müsbət dəyərləndirən təhsil naziri Misir Mərdanov ümummilli liderin müəllimlərin I qurultayındakı tarixi çıxışını xatırladaraq demişdir ki, Heydər Əliyev müəllimliyi müqəddəs peşə hesab edirdi. Ona görə müəllimlə də bu dahi insanın adını həmişə əziz tutacaqlar. Heydər Əliyev tariximizin ən böyük azərbaycanlısıdır və onun əsasını qoyduğu yol indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin apardığı praqmatik, dünyəvi siyasət nəticəsində Azərbaycanda qlobal dəyişikliklərin baş verdiyini söyləyən nazir son illərdə ölkənin təhsil sistemində də bir çox proqram və layihələrin həyata keçirildiyini, yüzlərlə təhsil işçisinin dövlət mükafatlarına layiq görüldüyünü bildirmişdir.
Nazir demişdir ki, ölkədə təhsilə kompleks yanaşma təmin edilmiş, ən başlıcası isə, insan kapitalından səmərəli istifadənin əsası qoyulmuşdur. Respublikamızın bölgələrində yüzlərlə məktəbin tikilməsi, bərpa olunması sahəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi ilə görülən işlər əhali tərəfindən böyük razılıqla qarşılanır.
Bütün bunlarla yanaşı, təhsil sahəsində bəzi problemlərin hələ də qaldığını deyən M.Mərdanov təhsil işçilərini öz vəzifələrinə məsuliyyətlə yanaşmağa çağırmışdır.
Müzakirələrdə çıxış edən Bakı Dövlət Universitetinin professorları Əbdül Əlizadə, Abuzər Xələfov, Dövlət İdarəçilik Akademiyasının rektoru professor Seyfəddin Qəndilov, Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli və başqaları ümummilli liderin xilaskarlıq missiyasından danışmış, onun dövlət quruculuğu sahəsində xidmətlərindən, Azərbaycanda təhsilin inkişafına dövlət qayğısından ətraflı söz açmışlar.
Yığıncaqda qarşıdakı prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edilmişdir.
######
