RESPUBLİKA UŞAQ KİTABXANASINDA KİTAB BAYRAMI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 9-da Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Rixard Zorge adına parkda kitab bayramı keçirmişdir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin gənc nəslin tərbiyə olunmasına, vətənpərvər ruhda böyüməsinə, biliklərə yiyələnməsinə xüsusi diqqət yetirdiyini söyləmişdir. Nazir uşaqlara kitabı sevməyi, kitablarla dostlaşmağı tövsiyə etmişdir. O vurğulamışdır ki, ən böyük uğur kitablardan başlanır.
Tədbir çərçivəsində müsabiqələr, viktorinalar, “Nağıl kitablarının paradı” təşkil edilmişdir. Dövlət Kukla Teatrının əməkdaşları uşaqları “Cırtdan”, “Göyçək Fatma”, “Təranənin oyuncaqları” kimi nağılların personajları ilə tanış edən sərgi açmışlar. Uşaqlar tədbirdə M.Ə.Sabirin təmsillərinin, Azərbaycan xalq nağıllarının qəhrəmanları ilə tanış olmuşlar.
Bayramda “Heydər Əliyevin şah əsəri - Müstəqil Azərbaycan” müsabiqəsi iştirakçılarının rəsm əsərləri nümayiş olunmuş, böyük lider haqqında şeirlər və mahnılar səsləndirilmişdir. Ən balacalar üçün rəsm viktorinaları da yaddaqalan olmuşdur.
Bayramda Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon kitabxanalarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Sonda “Heydər Əliyevin şah əsəri - Müstəqil Azərbaycan” rəsm müsabiqəsinin qaliblərinə - İncəsənət Gimnaziyasının şagirdi Ayan Kərimovaya (1-ci yer), Hövsan qəsəbəsi 76 nömrəli məktəbin 5-ci sinif şagirdi Şahmirzə Quliyevə (2-ci yer), Bakı şəhər 54 nömrəli məktəbin 7-ci sinif şagirdi Əfsanə Yusibovaya (3-cü yer), ideyasına görə isə 276 nömrəli məktəbin 6-cı sinif şagirdi Nərmin Məmmədovaya (həvəsləndirici mükafat) diplom və hədiyyələr təqdim olunmuşdur.
![]() |
![]() |
![]() |


