RƏSUL HƏMZƏTOV VƏFAT ETMİŞDİR
Rəsul Həmzətov ilk şerini 11 yaşında yazmışdır. Yerli məktəbi bitirdikdən sonra pedaqoji məktəbdə təhsil almışdır. 1940-cı ildə doğma məktəbə müəllim kimi qayıtmış, lakin burada az işləmişdir. Avar səyyar teatrında rejissor köməkçisi, “Dağlı bolşevik” qəzetinin əməkdaşı olmuş, radioda işləmişdir.
1943-cü ildə onun “Alovlu məhəbbət, yandırıcı nifrət” adlı ilk şerlər toplusu çapdan çıxmışdır. 1945-50-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur. Şairin “Torpağım mənim”, “Doğulduğum il”, “Dağıstan baharı”, “Qəlbim dağlardadır” və s. şer və poema topluları, məşhur “Mənim Dağıstanım” lirik povesti işıq üzü görmüşdür. Əsərləri bir çox dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə edilmişdir.
Ölkəmizə həsr olunmuş şerləri və Azərbaycan poeziyasından tərcümələri var. Dəfələrlə Azərbaycanda olmuş, Azərbaycan şair və yazıçıları ilə dostluq etmişdir.
Bu yaxınlarda onun 80 illiyi təntənə ilə qeyd olunmuşdu. Azərbaycan Prezidenti Heydər Əliyev yubileyi münasibətilə şairi təbrik etmişdi.