MƏDƏNİYYƏT
Resurs və Təlim Mərkəzləri layihəsinin bağlanış mərasimi keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Bu gün “British Council” və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilən üçillik Resurs və Təlim Mərkəzləri proqramı yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, 3 ildir davam edən proqram gənclərin özünə əminliyinin artırılması və gələcəkdə təhsil, karyera yolunda daha yaxşı imkanlara sahib olmalarına hesablanmış uzunmüddətli layihə idi. Proqram çərçivəsində "British Council" 2016-2019-cu illərdə İngilis dili klubları təşkil edib. Bu proqram Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi, habelə icmalar və məktəb direktorları ilə yaxın əməkdaşlıq edilib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirib ki, o, Zaqatala, Lənkəran, Bərdə və Abşeronda Resurs və Təlim Mərkəzlərini ziyarət edib:
“Bu mərkəzlərdə gördüyüm mükəmməl tədris standartları və uşaqların öyrənmək həvəsi məni həmişə heyran edib. Mən bu təşəbbüsü dəstəklədikləri üçün Təhsil Nazirliyi və yerli icmalara dərin minnətdarlığımı bildirir və onların bu mərkəzlərin yaratdığı möhkəm bünövrədən istifadə etmələrini səbirsizliklə gözləyirəm. Mən bu mərkəzlərin Azərbaycan şagirdlərinə iqlim dəyişikliyi, qadınların hüquqları kimi yeni və vacib fənlərin təqdim edilməsi ilə bağlı ön sıralarda yer almasına görə çox şadam".
O, həmçinin qeyd edib ki, layihənin davam etdirilməsi üçün Təhsil Nazirliyi ilə danışıqlar aparırlar.
Tədbir layihənin tərəfdaşları, icma nümayəndələri və benefisiarları bir araya gətirib və onlar üçillik təşəbbüs çərçivəsində əldə olunan nailiyyətləri və bilikləri paylaşmaq imkanı əldə ediblər. Həmçinin layihənin benefisiarlarına istiqamətlənmiş xüsusi film təqdim olunub.