Rezidentlər üçün tiroid əməliyyatlarına dair seminar təşkil edilib
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün aktual tibbi mövzuya həsr olunmuş növbəti seminar keçirilib. Tədbir “Mən tiroid əməliyyatını necə icra edirəm?” mövzusu ilə bağlı olub.
AZƏRTAC ATU-ya istinadla bildirir ki, tədbirdə Tədris Cərrahiyyə Klinikasının endokrinoloq cərrahı Azər Hümmətov rezidentlər üçün qalxanabənzər vəzin cərrahi anatomiyası, əməliyyat üsulları, əməliyyat texnikası zamanı geniş məlumat verib. Cərrah, həmçinin qayıdan qırtlaq sinirinin variasiyaları, sinir monitorinq cihazı ilə birgə əməliyyatlar və əməliyyat zamanı baş verə biləcək ağırlaşmalar haqqında da rezidentlərə bilgi çatdırıb.
Qeyd edək ki, gələcəyin həkimləri üçün çox faydalı olan bu layihə ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri Məlahət Sultanova və TCK-nın rezidentlərə məsul şəxs Namiq Xəlilovun təşkilatçılığı, universitetin kafedralarının və klinikalarının həkimlərinin dəstəyi ilə həyata keçirilir.