“RİQA” QƏSRİNDƏ RƏSMİ QARŞILANMA MƏRASİMİ
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısındakı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Latviya Prezidenti xanım Vayra Vike-Freyberqa və həyat yoldaşı İmants Freyberqs Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı səmimiyyətlə qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndi.
Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Vayra Vike-Freyberqa fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Dövlətimizin başçısı Latviya əsgərlərini salamladı.
Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya Prezidenti Vayra Vike-Freyberqaya təqdim olundu.
Dövlət başçıları xatirə şəkli çəkdirdilər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Riqa” qəsrinin “Gerblər” salonunda fəxri qonaqlar kitabını imzaladılar.