Rövşən Hüseynli: Əsas məqsədimiz Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır
Bakı, 3 sentyabr, AZƏRTAC
Rəqiblərimizdən biri tam müəyyənləşməyib. Söhbət Türkiyə-Yunanıstan duelindən gedir. Bu cütün qalibi bizim qrupda yer alacaq. Məncə, hazırda Yunanıstan millisi inkişafdadır. Məşqçilər korpusunda braziliyalı mütəxəssis də var. Onların şansı daha çox görünür.
AZƏRTAC xəbər verir ki, bu sözləri 2022-ci ildə Niderlandda təşkil olunacaq futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirən Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli deyib.
Futzalçı bildirib ki, Slovakiya və Moldova haqda çox danışmağa ehtiyac yoxdur. Son rəsmi oyunlarda hər iki komanda ilə qarşılaşdıq. Bakıdakı seçmə oyunlarda həm Moldovanı, həm də Slovakiyanı məğlub etdik. Ancaq Slovakiya ilə 3 ay sonra Xorvatiyada yenidən rəqib olduq və bu dəfə duel heç-heçə başa çatdı. Halbuki matçın gedişində məğlub duruma düşmüşdük və son saniyələrdə status-kvonu bərpa etdik. Həmin qarşılaşmada onlar bizdən heç də güclü deyildilər. Sadəcə, qrupdakı vəziyyəti oyuna köklənməyimizə mənfi təsir göstərdi.
“Digər qruplara da diqqət yetirsək, biz daha münasib rəqiblərlə qarşılaşacağıq. Reytinq baxımından da biz qrupun favoriti hesab edilirik. Ancaq koronavirus pandemiyası ilə əlaqədar 6 aydır futzaldan uzaq düşmüşük. Bildiyiniz kimi, idman zallarının fəaliyyəti dayandırılıb. Lakin legioner həyatı yaşayan komandamızın üzvləri oyunlar keçirirlər ki, bu da müsbət məqamdır. İstənilən halda, millinin bir məqsədi var: qrup qalibi olmaq və növbəti dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq”, - deyə futzalçı əlavə edib.
Qeyd edək ki, sentyabrın 2-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatmaya görə, yığmamız üçüncü qrupda Slovakiya, Moldova və Türkiyə-Yunanıstan cütünün qalibi ilə mübarizə aparacaq. Komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünüb. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-off görüşündə üz-üzə gələcək. Final mərhələsi 2022-ci il yanvarın 9-dan fevralın 6-dək Niderlandda keçiriləcək.