Rumıniya KİV-ləri Azərbaycan-Rumıniya strateji tərəfdaşlığının 10 illiyi barədə məlumat yayıb
Buxarest, 28 sentyabr, AZƏRTAC
Rumıniyanın AGERPRES milli xəbər agentliyi və News24hours portalı Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun iki ölkə arasında strateji münasibətlərə dair məqaləsini yayıb.
“Azərbaycan-Rumıniya: 10 il strateji tərəfdaşlıq” sərlövhəli məqalədə müəllif iki ölkə arasında diplomatik, mədəni əlaqələrin tarixinə toxunub. Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı 2009-cu il sentyabrın 28-də “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında” Birgə Bəyannamənin imzalanması barədə məlumat verilib. Bildirilib ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.
Məqalədə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı və qarşılıqlı maraq doğuran bir çox sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə nail olunduğu qeyd edilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rumıniyanın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına birmənalı dəstək göstərməsi, Rumıniyaya yatırılmış sərmayə və burada həyata keçirilən iqtisadi fəaliyyət, iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi üçün böyük imkanların olması barədə geniş məlumat verilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest