Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

RUMINİYA PREZİDENTİ İON İLİYESKUNUN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
HAVA LİMANINDA QARŞILANMA

Rumıniya Prezidenti İon İliyesku Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə oktyabrın 29-da ölkəmizə rəsmi səfərə gəlmişdir. 

Rumıniyanın və Azərbaycanın dövlət bayraqları ilə bəzədilən Binə beynəlxalq hava limanı binasının önündən Rumıniya dövləti başçısının iri portreti, rumın və Azərbaycan dillərində “Rumıniya Prezidenti İon İliyesku, Azərbaycana xoş gəlmisiniz!” sözləri yazılmış trasparant asılmışdı.

Təyyarənin pilləkəni yanında milli geyimli uşaqlar ali qonağa gül-çiçək dəstəsi təqdim etdilər.

Rumıniya Prezidentini və onu müşayiət edən rəsmi şəxsləri baş nazirin müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov, Rumıniyanın ölkəmizdəki səfiri Tasım Cəmil qarşıladılar.

X x x

RUMINİYA PREZİDENTİ İON İLİYESKUNUN RƏSMİ QARŞILANMA MƏRASİMİ

Rumıniya Prezidenti İon İliyesku hava limanından avtomobil karvanının müşayiəti ilə Prezident sarayına gəldi. Burada, dövlət başçılarının rəsmi qarşılanması üçün xüsusi olaraq ayrılmış meydançada Prezident İon İliyeskunun rəsmi qarşılanması mərasimi keçirildi.

Azərbaycan Prezidenti Heydər Əliyev Rumıniya dövlətinin başçısını mehribancasına və səmimiyyətlə qarşıladı.

İki ölkənin dövlət bayraqları ilə bəzədilən meydançada fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Rumıniya Prezidenti İon İliyeskuya və Azərbaycan Prezidenti Heydər Əliyevə raport verdi.

Rumıniyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Rumıniya dövlətinin başçısı Azərbaycan Milli ordusunun əsgərlərini Azərbaycan dilində “Salam, əsgər!” sözləri ilə salamladı.

Respublikamızın qarşılanma mərasimində iştirak edən rəsmi şəxsləri ali qonağa, Rumıniya Prezidenti İon İliyeskunu səfərdə müşayiət edən nümayəndə heyətinin üzvləri isə dövlətimizin başçısı Heydər Əliyevə təqdim olundu.

X X X

Rəsmi qarşılanma mərasimində Azərbaycanın baş naziri Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, xarici işlər naziri Vilayət Quliyev, respublikamızın Rumıniyadakı səfiri Eldar Həsənov, Rumıniyanın Azərbaycandakı səfiri Tasım Cəmil və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN RUMINİYA PREZİDENTİ İON İLİYESKU İLƏ TƏKBƏTƏK GÖRÜŞÜ

Oktyabrın 29-da Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rumıniya Prezidenti İon İliyesku ilə təkbətək görüşü olmuşdur.

Ali qonağı mehribanlıqla və səmimiyyətlə salamlayan dövlətimizin başçısı Heydər Əliyev onun dəvətini qəbul edərək, respublikamıza rəsmi səfərə gəldiyinə görə cənab İon İliyeskuya təşəkkür etdi, bu səfərin Azərbaycan-Rumıniya əməkdaşlığının daha da inkişaf etməsində mühüm rol oynayacağına əmin olduğunu bildirdi.

Səmimi sözlərə, yüksək qonaqpərvərliyə, ölkəmizə rəsmi səfərə dəvətə görə Prezident Heydər Əliyevə dərin minnətdarlığını bildirən Prezident İon İliyesku Rumıniyanın Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da sıxlaşdırılmasına böyük əhəmiyyət verdiyini söylədi.

Ölkələrimizdəki ictimai-siyasi, iqtisadi vəziyyət barədə ətraflı söhbət açan dövlət başçıları bütün sahələrdə ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin böyük perspektivlərə malik olduğunu nəzərə çarpdırdılar.

Azərbaycan ilə Rumıniyanın beynəlxalq təşkilatlardakı əməkdaşlığından razılıqla bəhs edən prezidentlər bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini bildirdilər.

Prezidentlər Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsində mühüm rol oynayacaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri barədə müzakirələr apardılar, böyük əhəmiyyətli beynəlxalq və regional layihələrin həyata keçirilməsində ölkələrimizin yaxından iştirak etməsindən söhbət açdılar.

Ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Prezident Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları nəticəsində başlanmış bu münaqişənin uzun müddət davam etdiyini, respublikamızın ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyondan çox soydaşımızın yerindən-yurdundan didərgin düşərək indiyədək çadır şəhərciklərində ağır və dözülməz şəraitdə yaşadığını bildirdi.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında Rumıniyanın həmişə respublikamızın mövqeyini dəstəklədiyini nəzərə çarpdıran Prezident İon İliyesku onun ölkəsinin bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcəyini söylədi.

Prezidentlər bu münaqişənin aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupunun və həmsədrlik edən ölkələrin səylərinin səfərbər edilməsinin vacibliyi barədə yekdil fikirdə olduqlarını bildirdilər.

Beynəlxalq terrorizmin həm Azərbaycan, həm də Rumıniya tərəfindən qətiyyətlə pislənildiyini nəzərə çarpdıran dövlət başçıları bu sahədə səylərin daha da gücləndirilməsinin zəruriliyini vurğuladılar.

Dostluq və səmimilik şəraitində keçən görüşdə Qafqazda və bölgədə vəziyyət və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıldı.

GENİŞ TƏRKİBDƏ AZƏRBAYCAN-RUMINİYA DANIŞIQLARI

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə Rumıniya Prezidenti İon İliyesku arasında keçirilən təkbətək görüş başa çatdıqdan sonra dövlət başçılarının rəhbərliyi ilə Azərbaycan və Rumıniya nümayəndə heyətlərinin geniş tərkibdə görüşü oldu.

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV qonaqları səmimiyyətlə salamlayaraq dedi:

-Zati-aliləri hörmətli cənab Prezident İon İliyesku!

Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Cənab Prezident, çox məmnunam ki, Siz mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəlmisiniz.

Rumıniya-Azərbaycan əlaqələri son illərdə ardıcıl surətdə inkişaf edir və bunun da əsası hələ 1995-1996-cı illərdə Azərbaycan Prezidentinin Rumıniyaya rəsmi səfəri, 1996-cı ilin mart ayında cənab Prezident, Sizin Azərbaycana rəsmi səfəriniz zamanı qoyulubdur. Bundan sonra çoxsaylı səfərlər, görüşlər olubdur. Biz birlikdə bir çox beynəlxalq proqramlarda iştirak edirik. Bunlar hamısı Rumıniya ilə Azərbaycan arasındakı əlaqələrin, qeyd etdiyim kimi, çox yaxşı səviyyədə olduğunu göstərir.

Cənab Prezident, mən ümidvaram ki, Sizin bu səfəriniz də Rumıniya-Azərbaycan əlaqələrinin daha da genişlənməsinə, sürətlə inkişaf etməsinə təkan verəcəkdir və biz gələcəkdə daha uğurlu əməkdaşlıq edəcəyik. Mən Sizi bir daha salamlayıram. Xoş gəlmisiniz!

Rumıniya Prezidenti İON İLİYESKU səmimi qəbula görə Azərbaycan rəhbərinə təşəkkür edərək dedi:

- Cənab Prezident!

Əziz dostlar!

İcazə verin, ilk növbədə, Azərbaycan Respublikasına səfərə gəlmək üçün mənə yaradılan imkana görə təşəkkürümü bildirim. Biz Azərbaycan Respublikası ilə münasibətləri müəyyən dərəcədə öncül hesab edirik, sizin ölkənizlə əlaqələri genişləndirmək istəyirik.

Rumıniya Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ikinci ölkədir. Biz bütün bu illərdə baş verən iqtisadi və siyasi hadisələrin gedişini, ümumən, ölkələrimizdə vəziyyətin inkişafını izləyirdik. Qara dəniz regionunda əməkdaşlığa həsr edilmiş tədbirlər çərçivəsində tez-tez görüşlərimiz olurdu. Biz Prezident Heydər Əliyevin Böyük İpək yolunun bərpa olunması, özü də təkcə bunu deyil, həm də bu dəhlizlə neftin, qazın və digər malların daşınması barədə təşəbbüsünü dəstəkləmişik.

Biz Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin gedişini diqqətlə izləyirdik. Biz ATƏT çərçivəsində məhz bu baxımdan gərəkli olmağa çalışırdıq, çünki Rumıniya 2001-ci il ərzində bu təşkilatın sədri olmuşdur. Biz bu münaqişənin dincliklə və siyasi yolla həlli üçün Azərbaycan Respublikasının göstərdiyi səyləri müsbət qiymətləndirmişik və qiymətləndiririk. Ümidvarıq ki, münaqişənin ən münasib həllini ancaq bu yolla tapmaq olar. Biz əsl dostlar olaraq qalırıq, o mənada ki, ixtiyarımızda olan vasitələr baxımından köməyimiz dəyə bilər.

Ölkələrimiz çətin keçid dövrünü, iqtisadi və siyasi sahədə böyük dəyişikliklər prosesi dövrünü yaşayırlar. İstər Azərbaycanın, istərsə də Rumıniyanın iqtiastdiyyatında vəziyyətin normallaşdığını göstərən müsbət cəhətlər var. Zənnimcə, biz ikitərəfli münasibətlərimizin inkişafı qeydinə qalmalıyıq. Bu gün ticarət münasibətlərimiz, ümumən iqtisadi əməkdaşlığımız aşağı səviyyədədir.

 

Bu istiqamətdə irəliyə doğru bir addım atılmış, yəni iqtisadi əməkdaşlıq məsələlərinə dair birgə komissiya yaradılmışdır. Rumıniya hökuməti ölkənin nəqliyyat nazirini Rumıniya tərəfindən komissiyanın həmsədri təyin etmişdir. Biz belə başa düşdük ki, bu komissiyada Azərbaycanın da nümayəndəsi var. Zənnimcə, bu işdə bizim ilk addımımız birgə komissiyanın iclasını çağırmaq və həmin iclasda ticarət əlaqələrinin, eləcə də iqtisadi əməkdaşlığın digər formalarının inkişafına dair hər iki tərəfin konkret təkliflərini araşdırmaqdan ibarət olmalıdır. Rumıniya tərəfi energetika, neft və qaz, onların emalı sənayesində bir sıra ideyalar irəli sürə bilər. Nəqliyyat, ağac emalı, yeyinti sənayesi və bir sıra digər sahələrdə həyata keçirilə biləcək ideyalar da mövcuddur. Zənnimizcə, əsas vəzifə ondan ibarətdir ki, iqtisadi məsələlərə dair birgə komissiya meydana çıxa bilən bütün təklifləri və ideyaları uzlaşdıraraq, özünün gələcək fəaliyyətini müəyyənləşdirsin.

Biz Gürcüstanla əməkdaşlıq şəraitində Xəzər dənizi regionu ilə Rumıniya ərazisindən keçməklə Avropaya gedən tranzit yolun üstündə yerləşən ölkələri əhatə edən iqtisadi layihəni həyata keçirmək istərdik. Gürcüstanla əldə edilmiş razılıq əsasında biz Konstansa və Batumi limanlarından Poti limanınadək bərə xətti açmışıq. Dünyanın beş ən iri gəmi-bərəsindən ikisi Rumıniyaya məxsusdur. Onlarla birdəfəyə 120 dəmir yol vaqonu göndərmək mümkündür. Lakin hələlik onları tam həcmdə yükləmək olmur. Buna görə də sizin köməyinizlə, sizin dəstəyinizlə onları tam yükləmək istərdik. Təbiidir ki, bu gəmi-bərələr vasitəsilə istənilən malları, o cümlədən neft sisternlərini daşımaq mümkündür. Sizin neftinizin göndərilməsini təmin edən Supsa limanının imkanlarından daha yaxşı istifadə etmək barədə də danışmaq olar. Bizim Konstansa limanı yaxınlığında neft emalı kombinatı, habelə bütün ölkə ərazisində bir sıra müəssisələr vardır. Ola bilsin, bu sahədə ixtisaslaşmış 2 milli şirkəti Azərbaycan neftinin əvvəlcə Rumıniyanın neft emalı zavodlarına, gələcəkdə isə Avropa bazarına çıxarılmasına dair müəyyən saziş imzalamağa həvəsləndirmək məqsədəuyğun olardı.

Konstansa yaxınlığında yerləşən özəl şirkət “Rompetrol” adlanır və o, artıq Azərbaycan Respublikasındakı tərəfdaşları ilə birgə işləyir. Hələlik isə Rumıniya Milli Neft Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında tərəfdaşlığın genişləndirilməsinə yönəldilmiş danışıqlar aparılır. Özü də bizim milli şirkət kəşfiyyat işləri aparmaq, habelə neft hasilatı və təbiidir ki, onun emalı, nəqli, indiki halda isə ixracı ilə də bağlı işləri görmək imkanlarına malikdir. Adriatik dənizinədək neft kəməri tikintisinə dair Yuqoslaviya, Xorvatiya və İtaliya ilə birgə layihəmiz vardır. Biz bu layihə ilə artıq mövcud olan sistemə qoşula bilərik. Zənnimcə, bütün bu problemlər nümayəndələrimiz arasında danışıqlar çərçivəsində məsələyə konkret yanaşmanın mövzusu ola bilər. Bu diskussiyalar ölkələrimiz arasında əməkdaşlığın inkişafına dair konkret layihələrin əsasını təşkil edə bilərdi. Belə hesab edirəm ki, bu, bizim ikitərəfli münasibətlərimizin inkişafının əsas məsələsi, əsas ideyasıdır və bu, siyasi sahədə əməkdaşlığımıza da dəstək olardı.

Bu gün Bəyannamə və daha 3 sənəd imzalanacaqdır. Xarici İşlər Nazirliyimiz ikitərəfli əməkdaşlıqla bağlı bir sıra digər sənədlər də hazırlamışdır. Silahların, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına dair ikitərəfli sənədlər imzalamaq üçün daxili işlər və ədliyyə nazirlikləri arasında əməkdaşlığa başlamaq ideyasını da təklif etmək olar. Təhsil, mədəniyyət sahələrində də əməkdaşlıq imkanları mövcuddur. Hər halda, biz istərdik ki, bu səfər nəticəsində ən yaxın müddət ərzində konkret nəticələr əldə edilsin. Xüsusən ona görə ki, biz iqtisadi münasibətlərin inkişafına yeni təkan vermək istəyirik.

Regional planda, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində işbirliyindən əlavə, Cənubi Qafqaz ölkələri ilə daha intensiv dialoqa başlamaq istərdik. Azərbaycan Respublikası iqamətgahı Buxarestdə yerləşən Avropa ölkələri əməkdaşlıq təşkilatı çərçivəsində artıq müşahidəçi kimi iştirak edir.

Biz ölkələrimizin Avropadakı coğrafi mövqeyinə bir qədər yenidən baxmaq istərdik. Balkanı, bir qayda olaraq, Cənub-Şərqi Avropa hesab edirlər. Bu, düzgün deyildir və həqiqətə uyğun gəlmir. Bu, hələ Sovet İttifaqı mövcud olan vaxtdan qalmış fikirdir, o zaman Avropa SSRİ ilə həmsərhəd idi. Onda Rumıniyanı, Bolqarıstanı və digər Balkan ölkələrini Avropanın cənub-şərq ölkələri hesab etmək qəbul olunmuşdu. Elə isə, bəs Qafqazın özü və Cənub Qafqaz harada yerləşir? Avropanın arxasındamı? Biz hesab edirik ki, siz Atlantik okeanından Xəzər dənizinə və Uraladək uzanan Avropada yerləşirsiniz. Əsl cənub-şərq məhz burada, Qafqazdadır. Rumıniya isə Avropanın lap mərkəzində, Atlantik okeanından da, Uraldan və Xəzər dənizindən də iki min kilometr aralıda yerləşir. Belə ki, biz tarixi və siyasi həqiqəti bərpa etməli eyni zamanda, müxtəlif ölkələr arasında mövcud olan çox böyük fərqləri aradan qaldıra biləcək yeni demokratik Avropanın birləşməsinə nail olmalıyıq.

Bu, ölkələrimiz arasında, bir növ, ümumi fəaliyyət platforması ola bilər.

HEYDƏR ƏLİYEV: Cənab Prezident, təşəkkür edirəm.

İlk növbədə, Sizin son sözləriniz haqqında öz fikirlərimi bildirmək istəyirəm. Təbiidir, indi Avropanın sərhədləri dəyişibdir. Siz doğru deyirsiniz, coğrafiyada Qərbdən Ural dağlarına qədər hamısı Avropadır. Amma düz deyirsiniz ki, Sovet İttifaqı vaxtı SSRİ ilə Qərbin sərhədlərini götürəndə, Rumıniya Cənubi-Qərbi Avropaya düşürdü. Ona görə mən Sizin fikrinizlə razıyam ki, indi Rumıniyanın yerini, yəni Cənubi-Qərbi Avropanı Qafqaz, o cümlədən Azərbaycan tutur. İndi Azərbaycan Avropanın ən şərq sərhədidir. Eyni zamanda, cənub sərhədidir.

Hörmətli cənab Prezident, Siz söhbətimizin başlanğıcında Dağlıq Qarabağ probleminə toxundunuz. Biz Sizinlə təkbətək görüşdə bu məsələni çox ətraflı müzakirə etdik. İndi burada Sizin bəyan etdiyiniz fikirlərlə əlaqədar bildirmək istəyirəm ki, Rumıniya Ermənistan-Azərbaycan münaqişəsində həmişə Azərbaycanın mövqeyini müdafiə edibdir. Rumıniya bu yaxın vaxtlarda, ATƏT-ə sədrlik etdiyi zaman da məsələnin həll olunması üçün xeyli fəaliyyət göstəribdir.

Mən bu gün Sizə təkbətək görüşdə dediyim kimi, biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik və bu mövqedən çəkilmirik. Ancaq Siz bilirsiniz ki, atəşkəs əldə edilən zamandan indiyə qədər 8 ildən çox keçibdir. Mən Sizə söylədim, bir milyondan artıq qaçqının əksəriyyəti çox ağır vəziyyətdə çadırlarda yaşayır. Onların daim belə vəziyyətdə yaşaması mümkün deyil və Azərbaycan öz torpaqlarını da uzun illər Ermənistan silahlı qüvvələrinin işğalı altında qoya bilməz. Ona görə beynəlxalq təşkilatlar - ATƏT, onun Minsk qrupu və ATƏT-ə daxil olan ölkələr Azərbaycanın bu vəziyyətinin nə qədər ağır, çətin olduğunu gərək bilsinlər və məsələnin həll olunması üçün öz səylərini göstərsinlər.

İqtisadi əlaqələr, gələcək əməkdaşlığımız haqqında sizin fikirləriniz və təklifləriniz çox maraqlıdır. Mən onların çoxu ilə tamamilə razıyam. Həqiqətən, iqtisadi əməkdaşlıq etmək üçün bizim çox böyük imkanlarımız var. Bu, iki istiqamətdə aparıla bilər. Birincisi, bilavasitə Rumıniya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələri genişləndirmək üçün, Sizin buyurduğunuz kimi, yaratdığımız müştərək iqtisadi komissiya çox böyük iş görə bilər. Azərbaycan tərəfdən müştərək komissiyaya baş nazirin müavini Yaqub Eyyubov rəhbərlik edir. Güman edirəm ki, o və onunla bərabər bu komissiyada Azərbaycan tərəfdən olan şəxslər bu gündən sonra bu istiqamətdə öz fəaliyyətlərini gücləndirməlidirlər.

İkinci istiqamətə gəldikdə, biz bir bölgədəyik. Siz Balkandasınız, biz Qafqazdayıq, bizi birləşdirən Qara dəniz var, başqa kommunikasiyalar var. Bu sahədə də Avropa Birliyi tərəfindən həyata keçirilən bir neçə layihələr- TRASEKA proqramı, İNOQEYT proqramı çərçivəsində indiyə qədər əməkdaşlıq etmişik və bundan sonra da edə bilərik.

1998-ci ilin sentyabrında Azərbaycanda, Bakıda İpək yolunun bərpası, TRASEKA proqramının həyata keçirilməsi üçün beynəlxalq konfrans təşkil olunmuşdur. Rumıniya bu konfransın fəal iştirakçısı olmuşdur və qəbul edilən sənədləri imzalamışdır. Biz bu sahədə əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Sizin irəliyə sürdüyünüz təkliflər çox maraqlıdır. İndi biz Xəzər dənizinin Azərbaycan sektorundan hasil olunan nefti Qara dəniz vasitəsilə hələ ki, ixrac edirik. Bakı-Supsa neft kəməri ilə ildə təxminən 5-6 milyon ton neft ixrac olunur. Bu layihəyə də TRASEKA proqramının bir hissəsi kimi baxılmalıdır. Batumi, ya da Potidən neft sisternlərinin bərəyə yükləyib Konstansaya, oradan isə Dunay çayı ilə şimala, ya da Adriatik dənizinə qədər aparılması barədə Sizin təklifləriniz tamamilə əsaslıdır. Biz bunları gələcəkdə nəzərə almalıyıq.

Mən Sizə bildirdim ki, biz sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasının başlanması mərasimini keçirdik. Bu neft kəməri vasitəsilə ixrac olunacaq neftin bir hissəsini gələcəkdə Qara dəniz vasitəsilə Balkan ölkələrinə də ixrac etmək olar. Yaxud da bu kəmərlə yanaşı, yenə də deyirəm, Bakı-Supsa neft kəmərindən daha fəal istifadə etmək mümkündür. Mən bunları Sizə bildirdim.

Azərbaycanda çox yaxşı perspektivlər görünür. Neft hasilatı yaxın 3-4 ildə təxminən 50 milyon tona qədər qalxmalıdır. Ona görə də biz bu neftin müxtəlif kəmərlərlə ixrac olunması məsələsini də düşünməliyik. Hər halda, bu məsələlər Sizə də, bizə də məlumdur. Ancaq Siz buyurduğunuz kimi, bizim müştərək komissiya, müvafiq orqanlar gərək bunları müzakirə etsinlər və lazımi tədbirlər görsünlər.

Mən Sizinlə razıyam ki, ölkələrimiz arasında elm, mədəniyyət, təhsil, səhiyyə və başqa sahələrdə də çox sıx əməkdaşlıq edilir. Biz bunu davam etdirməliyik. Xalqlarımızı bir-birinə yaxınlaşdırmalıyıq və ölkələrimizi bir-birinə yaxınlaşdırmalıyıq.

Sizin ölkənin böyük perspektivləri var. Avropa Birliyinə daxil olacaqsınız, NATO-ya daxil olacaqsınız. Təbii ki, biz də bu yollarla getmək istəyirik. Avropa Şurasına daxil olmağımız bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Rumıniya və Azərbaycan parlamentlərinin nümayəndələri Avropa Şurasında sıx əməkdaşlıq etməlidirlər.

X X X

Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Yaqub Eyyubov, xarici işlər naziri Vilayət Quliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, nazirlər, Rumıniyanın Bakıdakı səfiri Tasım Cəmil, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov və digər rəsmi şəxslər danışıqlarda iştirak edirdilər.

X X X

SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ

Həmin gün Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Rumıniya Prezidenti İon İliyeskunun iştirakı ilə sənədlərin imzalanması mərasimi olmuşdur.

Prezident Heydər Əliyev və Prezident İon İliyesku Azərbaycan Respublikası ilə Rumıniya arasında tərəfdaşlıq haqqında Bəyannamə imzaladılar.

Salona toplaşanlar dövlət başçılarını hərarətlə qarşıladılar.

Azərbaycan Milli Aerokosmik Agentliyi və Rumıniya Kosmik Agentliyi arasında kosmik məkanın sülh məqsədləri üçün istifadəsi və tədqiq olunması sahəsində əməkdaşlığa dair anlaşma memorandumunu Azərbaycan Milli Aerokosmik Agentliyinin baş direktoru Arif Mehdiyev və Rumıniya Kosmik Agentliyinın direktoru Dumitro Prunaru imzaladılar.

Azərbaycan Respublikası və Rumıniya arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında sazişi Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Kristian Diakonesku, imzaladılar.

Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişi Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev və Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Kristian Diakonesku imzaladılar.

X X X

DÖVLƏT BAŞÇILARININ BİRGƏ MƏTBUAT KONFRANSI

Sənədlərin imzalanma mərasimindən sonra Azərbaycan Prezidenti Heydər Əliyev və Rumıniya Prezidenti İon İliyesku birgə mətbuat konfransı keçirdilər.

Prezidentlər kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında bəyanatlarla çıxış etdilər.

 

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

-Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Hörmətli mətbuat nümayəndələri!

Rumıniyanın Prezidenti hörmətli cənab İon İliyeskunun Azərbaycana rəsmi səfəri ölkəmizin həyatında əlamətdar bir hadisədir. Bu, ölkələrimiz arasındakı əlaqələrin ardıcıl inkişaf etməsini göstərir. Dəvətimi qəbul edib Azərbaycana rəsmi səfər etdiyinə görə, mən Prezident cənab İliyeskuya təşəkkür edirəm və bugünkü görüşlərimizdən, apardığımız müzakirələrimizdən məmnun olduğumu bildirirəm.

Cəsarət edib deyə bilərəm ki, Prezident cənab İliyesku ilə mənim aramda dostluq əlaqələri yaranıbdır. Təxminən 1994-cü ildən indiyə qədər biz dəfələrlə müxtəlif şəraitlərdə görüşmüşük. Ən əhəmiyyətlisi odur ki, Prezident İliyesku Azərbaycana artıq ikinci dəfədir səfər edir. Biz bu səfər zamanı çox ətraflı müzakirələr apardıq. Prezident cənab İliyesku ilə mənim təkbətək görüşümdə bir çox məsələlərə toxunduq və bir çox məsələlər haqqında eyni fikirdə olduğumuzu bildirdik. Rumıniya-Azərbaycan əlaqələri və onların gələcək inkişafı, Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan münaqişəsi və bunun tezliklə həll olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, suverenliyinin təmin olunması, beynəlxalq terrorizm, onun törətdiyi təhlükələr, terrorizmə qarşı həm Rumıniya, həm də Azərbaycan tərəfindən fəal mübarizənin aparılması, Qafqazda və regionda olan indiki vəziyyət, bir çox beynəlxalq məsələlər və təbiidir ki, əsas məsələ - Rumıniya-Azərbaycan əlaqələri və onların inkişaf etdirilməsi barəsində fikir mübadiləsi apardıq.

Hesab edirəm ki, nümayəndə heyətləri ilə geniş tərkibdəki görüşümüzdə də, xüsusən, Azərbaycan-Rumuniya iqtisadi əlaqələrinin inkişaf etdirilməsi ilə əlaqədar çox dəyərli fikirlər meydana gəldi. Prezident İliyesku və mən yaratdığımız Rumıniya-Azərbaycan müştərək iqtisadi Komissiyasının fəaliyyətinə çox böyük əhəmiyyət veririk. Belə fikirdə olduq ki, bu Komissiyanın fəaliyyəti sürətləndirilməlidir və bu yolla əlaqələrimizdə daha çox nailiyyətlər əldə etmək mümkündür. Bir çox başqa məsələləri də müzakirə etdik. Nəhayət, bu gün burada imzalanan sənədlər Rumıniya ilə Azərbaycan arasındakı əlaqələrin normativ-hüquqi əsaslarını daha da möhkəmləndirir və genişləndirir.

Prezident cənab İliyesku ilə mənim imzaladığımız Bəyannamə, hesab edirəm, xüsusi əhəmiyyət kəsb edir. Bu bəyanat siyasi məsələlərə həsr olunub və Azərbaycan ilə Rumıniyanın həm beynəlxalq problemlərlə əlaqədar, həm də bölgəmizdə olan problemlərlə əlaqədar eyni fikirdə olduqlarını və bir çox məsələlərdə razılıq əldə etdiklərini göstərir.

1996-cı ilin mart ayında Prezident cənab İliyesku Azərbaycana ilk dəfə səfər etdiyi zaman biz Rumıniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında müqavilə imzalamışdıq. Bu gün imzaladığımız Bəyannamə həmin müqavilənin daha da möhkəmlənməsi və onun əsasında işlərimizin gələcəkdə də aparılması üçün şərait yaradır.

Mən Prezident cənab İliyeskuya bir daha təşəkkür edirəm. Bir məqamı da qeyd etmək istəyirəm ki, Prezident cənab İliyesku səfəri özü ilə Azərbaycana biznesmenlərin böyük bir dəstəsini gətiribdir. Bizim İqtisadi İnkişaf Nazirliyi onlarla lazımi görüşlər keçirir, müzakirələr aparır və güman edirəm ki, məhz bu yolla biz iqtisadi əlaqələrin inkişaf etməsinə nail ola bilərik.

Cənab Prezident, təşəkkür edirəm və sözü sizə verirəm.

X X X

RUMINİYA PREZİDENTİ İON İLİYESKUNUN BƏYANATI

İcazə verin, məni və nümayəndə heyətimizi səmimiyyətlə və qonaqpərvərliklə qarşıladıqlarına görə Azərbaycan Prezidenti Heydər Əliyevə, habelə ev sahiblərinə təşəkkür edim. Cənab Prezident Heydər Əliyevin dediyi kimi, Buxarestdə, Bakıda, habelə müxtəlif beynəlxalq tədbirlər zamanı bizim görüşmək imkanlarımız olmuşdur. Biz münasibətlərimizin inkişafının bünövrəsini yeni siyasi şəraitdə, Azərbaycanın müstəqilliyini Rumıniyanın ikinci dövlət olaraq tanıdığı şəraitdə qoymuşuq. 1996-cı ildə biz birlikdə böyük bir siyasi müqavilə - dövlətlərimiz arasında əsas müqavilə imzalamışıq.

Bu gün ikitərəfli münasibətlərimizin səviyyəsini, regional planda, habelə daha geniş planda əməkdaşlığımızı nəzərdən keçirmək imkanımız oldu. Yenicə imzaladığımız bu siyasi sənəddə - Bəyannamədə biz həmin münasibətlərin genişləndirilməsi, habelə bir az əvvəl xatırlanmış məsələlərdə əməkdaşlığın genişləndirilməsi prinsiplərini və buna maraq göstərdiyimizi bir daha təsdiqləyirik. İmzalanmış həmin üç sənəd müəyyən sahələrdə ikitərəfli münasibətlərin hüquqi çərçivəsini tamamlayır və ümidvarıq ki, bu hüquqi çərçivə başqa sahələri də əhatə edəcəkdir. Biz ölkələrimizdəki daxili vəziyyət barədə informasiya mübadiləsi apardıq. Mürəkkəb proseslərlə qarşılaşmalarına baxmayaraq, ölkələrimiz köklü dəyişikliklər mərhələsindədir. Müsbət aspekt və cəhətlər də var, onlar ölkələrimiz arasındakı münasibətlərin əsasını qoymuşdur və bu münasibətləri möhkəmləndirir. Qeyd etdiyimiz kimi, ölkələrimiz arasındakı siyasi münasibətlər yüksək səviyyədədir. Biz həmçinin bildirdik ki, ölkələrimiz arasındakı iqtisadi münasibətlər qənaətbəxş deyildir. Məhz buna görə də biz ticarət-iqtisadi münasibətlərin, habelə bütövlükdə iqtisadi əməkdaşlığın genişləndirilməsini dəstəkləmək barədə birgə iradəmizi ifadə etdik.

Zənnimcə, ən mühüm cəhətlərdən biri də iqtisadi məsələlər üzrə birgə komissiyanın fəaliyyətə başlamasıdır. Həm Rumıniya hökuməti, həm də Azərbaycan hökuməti öz nümayəndələrini təyin etmişlər. Bu komissiyanın konkret fəaliyyəti ən başlıca cəhət olmalıdır. Komissiya elə parametrləri müəyyənləşdirməlidir ki, iqtisadi münasibətlər onların əsasında genişlənsin və inkişaf etsin.

Nümayəndə heyətimizin tərkibinə azərbaycanlı tərəfdaşları ilə əlaqələr yaradılmasında maraqlı olan istehsal müəssisələrinin təmsilçilərindən ibarət iş adamları qrupu da daxildir. Sabah müəyyən məsələləri konkret müzakirə etməyə və qarşılıqlı surətdə maraq doğuran mövzulardan danışmağa imkan yaradacaq iqtisadi forum işə başlayacaqdır. Əlverişli coğrafi mövqeləri sayəsində Rumıniya və Azərbaycan Böyük İpək yolunun bərpası layihəsinin gerçəkləşdirilməsində iştirak edə bilərlər. Prezident Heydər Əliyevin irəli sürdüyü bu layihəni “Böyük neft yolu” layihəsinə çevirmək olar. Biz bu yaxınlarda İstanbulda, Qara dəniz hövzəsində əməkdaşlığın 10 illiyinə həsr olunmuş konfransda bu layihədən danışmışdıq. Prezident Heydər Əliyev orada Bakı, Tbilisi və Ceyhanı birləşdirəcək layihəni xatırlatdı. Lakin bu, bizim daha kompleks şəkildə yanaşdığımız məsələlər idi. Dəqiq desək, bu məsələlərə Xəzər dənizinin ehtiyatlarını Cənubi Qafqaz vasitəsilə Qara dənizə, oradan da Avropaya çatdırmaq nöqteyi-nəzərindən baxılırdı.

Ümidvarıq ki, Bakıya səfərimiz və apardığımız danışıqlar zamanı həm Rumıniya və Azərbaycan, həm də əməkdaşlıq etmək istəyən bir çox digər ölkələr üçün böyük əhəmiyyət kəsb edən bu layihələrin həyata keçirilməsinə təkan veriləcəkdir. Hesab edirəm ki, səfərimiz zamanı ölkələrimiz arasında əməkdaşlığın bir çox digər sahələri də müzakirə mövzusu olacaqdır. Mən təhsil, mədəniyyət, habelə kooperasiya sahəsində əməkdaşlığı və beynəlxalq planda əməkdaşlığı nəzərdə tuturam. Ümidvaram ki, səfər zamanı biz ikitərəfli münasibətlərimizin əhəmiyyətini nəzərə çarpdıracağıq. Çox sağ olun.

X X X

Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

SUAL: Cənab Prezident Heydər Əliyev, Azərbaycanda iri neft və qaz yataqları aşkar edilmişdir. Soruşmaq istərdim ki, neft və qaz Rumıniyaya ixrac ediləcəkmi, əgər ediləcəksə, onda nə vaxt?

HEYDƏR ƏLİYEV: Çox sağ olun.

Bilirsiniz ki, Azərbaycan qədim neft ölkəsidir. Neft və qaz Azərbaycanda çox qədim zamanlardan hasil olunur. Hər bir yeni yatağın açılması da Azərbaycan üçün böyük hadisədir və bəzi ölkələrdə yeni bir şey kimi qəbul olunur.

Mən sualı belə anladım ki, söhbət “Şahdəniz” qaz yatağından gedir. Bəli, iki-üç il bundan öncə Azərbaycanda aparılan qazma işləri nəticəsində “Şahdəniz” yatağından çox böyük həcmdə qaz alınması imkanı meydana çıxıbdır. İlkin məlumatlara görə, “Şahdəniz” yatağının ehtiyatı 1 trilyon kubmetrdən artıqdır. Biz ilkin olaraq, bu qazı Gürcüstandan keçməklə Türkiyənin Ərzurum şəhərinə nəql etmək istəyirik. Artıq bu barədə Türkiyə ilə saziş imzalamışıq. Ancaq düşünürük ki, “Şahdəniz” yatağından çıxarılacaq qaz, ola bilər, gələcəkdə daha da artıq olsun və o zaman onun Avropaya nəql edilməsi də tamamilə real olacaqdır.

Əgər nəzərə alsaq ki, bizim bir neçə başqa yataqlarda da indi xarici ölkələrin müxtəlif şirkətləri Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə işləyirlər, - güman edirəm ki, orada da böyük qaz ehtiyatları tapılacaqdır, - onda Azərbaycanın gələcəkdə Avropaya qaz nəql etməsi tam real olacaqdır. Belə olan halda Rumıniya mütləq nəzərə alınacaqdır. Mən buna söz verə bilərəm.

SUAL: Mənim Rumıniyalı həmkarımı daha çox neft və qaz maraqlandırır. Bizi də azərbaycanlı kimi, işğal olunmuş ərazilərimiz daha çox narahat edir. Cənab İliyesku, birincisi, Siz dediniz ki, Dağlıq Qarabağ problemində Rumıniya Azərbaycanı dəstəkləyir. Sizə elə gəlmirmi ki, bu problemin indiyədək sülh yolu ilə həll olunmamasının səbəbi öz qətnamələrini yerinə yetirməyən BMT-nin, habelə Rumıniyanın da daxil olduğu ATƏT-in qətiyyətsizliyidir?

İkincisi, Siz dediniz ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Deməli, Azərbaycanın ərazi bütövlüyünü də tanıyan ikinci ölkə olubdur. Bu gün Ermənistanın qeyri-konstruktiv mövqeyi Azərbaycan xalqının öz torpaqlarını hərbi yolla azad etmək əhval-ruhiyyəsini artırır. Əgər Azərbaycan xalqı buna məcbur olsa, Rumıniyanın mövqeyi necə olacaqdır, yəni bu dəstək qalacaqmı?

İON İLİYESKU: Rumıniya Cənubi Qafqazda gərginlik ocağı olan bu münaqişəni narahatlıqla və diqqətlə izləyir. Təəssüflər olsun ki, Dağlıq Qarabağ məsələsi keçmiş Sovet İttifaqının özündən sonra ölkənin bir çox ərazilərində miras qoyub getdiyi digər problemlərə çox bənzəyir. Belə problemlər bizim sərhədimizin yaxınlığında da vardır, məsələn, Dnestryanı bölgə problemi. Biz bu məsələnin həllinə Azərbaycanın yanaşmasını müsbət qiymətləndiririk. Sübut olunmuşdur ki, hər hansı bir məsələni hərbi yolla həllinə göstərilən cəhd nəinki onu həll etmir, həm də, bir qayda olaraq, qarşıdurmanın daha da dərinləşməsinə gətirib çıxarır. Rumıniya ATƏT-in sədri olanda bu məsələnin siyasi yolla həllinə çalışmışdır, Minsk qrupunun səylərini dəstəkləmişdir. Hələlik belə demək olar ki, bu məsələnin həlli tapılmamışdır və bu da təəssüf doğurur. Biz bu münaqişənin insanlara nə qədər əzab-əziyyət gətirdiyini və gətirməkdə olduğunu bilirik. Prezident Heydər Əliyev işğal olunmuş əraziləri tərk etmiş bir milyon qaçqının taleyi barədə bizə məlumat verdi. Biz insanların əzab çəkdikləri bu münaqişəni həll etmək üçün göstərilən bütün səylərdə həmişə sizin yanınızda olacağıq. Əlbəttə, dövlətlər arasında münasibətləri tənzimləyən əsas prinsiplərə hörmət edərək. Bu isə dövlətlərin ərazi bütövlüyü, eləcə də fəlakətə gətirib çıxara biləcək hərbi yoldan imtina etmək prinsipləridir. Çox sağ olun.

X X X

Mətbuat konfransında baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Yaqub Eyyubov, xarici işlər naziri Vilayət Quliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Rumıniyanın Azərbaycandakı səfiri Tasım Cəmil, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov iştirak edirdilər.

 

RUMINİYA PREZİDENTİ İON İLİYESKUYA AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİNİN FƏXRİ DOKTORU DİPLOMU TƏQDİM  EDİLMİŞDİR

Oktyabrın 29-da Azərbaycan Texniki Universitetində Rumıniya Prezidenti İon İliyeskuya bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Salona toplaşanlar ali qonağı hərarətli alqışlarla qarşıladılar.

Mərasimi Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov açdı.

Rumıniyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Sonra rektor Havar Məmmədov çıxış etdi.

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİNİN  REKTORU, PROFESSOR HAVAR MƏMMƏDOVUN ÇIXIŞI

- Zati-aliləri Rumıniya Prezidenti cənab İon İliyesku!

Hörmətli Elmi şura üzvləri!

Əziz qonaqlar!

Xanımlar və cənablar!

Bu gün biz hamımız ali məktəbimizin tarixinə həmişəlik daxil olacaq bir hadisənin iştirakçısıyıq. Azərbaycan Texniki Universiteti Elmi şurasının qərarı ilə Rumıniya Prezidenti, energetika sahəsində görkəmli mütəxəssis cənab İon İliyesku fəxri doktorumuz seçilmişdir.

Əziz dostlar! İcazənizlə, ali qonağın, Elmi şura üzvlərinin, tələbələrin, magistrantların və aspirantların nümayəndələrinin iştirak etdikləri bu mərasimdə fəxri doktorumuza Azərbaycan Texniki Universiteti haqqında qısa məlumat verim.

Universitetimizin əsası 1950-ci ildə qoyulmuşdur. Bundan əvvəl mühəndis profilli mütəxəssislər Azərbaycanın müxtəlif ali məktəblərində, əsasən, Azərbaycan Sənaye İnstitutunda - indiki Azərbaycan Neft Akademiyasında hazırlanırdı. Həmin institutun bəzi fakültələri əsasında yaradılan universitetimizdə hazırda 8 fakültə və 46 kafedra var. Burada 5.500-dən çox tələbə, magistrant və aspirant təhsil alır. Təxminən 1,5 min professor-müəllim və texniki heyət 60 ixtisas üzrə mütəxəssislər hazırlanması ilə məşğuldur. Universitetimizin yeni fəxri doktoruna belə bir məlumat verməkdən məmnunluq duyuram ki, kollektivimizin üzvlərindən 75 nəfər elmlər doktoru və professordur.

Bir vaxtlar universitetimiz Azərbaycan Sənaye İnstitutunun bəzi fakültələri əsasında yaradılmışdısa, sonralar öz inkişafı prosesində 2 yeni ali məktəbə həyata vəsiqə vermişdir. Bunlar bizim inşaat fakültələri əsasında yaradılan Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texnologiya Universitetidir.

Əgər biz ali məktəbimizin inkişaf yollarından danışmalı olsaq, onda bu, ölkəmizin iqtisadiyyatının inkişafının əsas istiqamətləri barədə söhbət olardı. Bütün bu illər ərzində ali məktəbimiz sənayemizin müxtəlif sahələri ilə sıx əməkdaşlıq şəraitində işləmişdir. Bu gün Azərbaycan bazar iqtisadiyyatı yolu ilə inamla gedir. Həyata keçirilmiş iqtisadi islahatlar ümumi daxili məhsulun artırılmasına, sənaye məhsulu, xarici ticarət dövriyyəsi həcminin genişləndirilməsinə imkan yaradır. Neft strategiyasının uğurla həyata keçirilməsi qeyri-neft sektorlarının inkişafına da güclü təkan vermişdir. İqtisadiyyatımıza qoyulan xarici sərmayələrin həcmi artır. Belə bir şəraitdə ali məktəb tərəfindən mütəxəssislər hazırlanmasının keyfiyyətinə tələblər də dəyişmişdir. Azərbaycan gəncləri yaxşı başa düşürlər ki, cəmiyyətimizin həyatını yalnız yeni texnologiyalara, o cümlədən də informasiya texnologiyalarına yiyələnməklə dəyişmək mümkündür. Buna görə də onlar yeni dövrün aktual tələblərinə layiqincə cavab verməyə hazırdılar.

Çox hörmətli Rumıniya Prezidenti, bizə məlumdur ki, Siz səfər zamanı Mingəçevir SES-də olacaqsınız, çünki tələbəlik illərində orada təcrübə keçmisiniz. Ali məktəbimizin məzunları bu elektrik stansiyasında indi də uğurla çalışırlar. Son illər onlar müxtəlif beynəlxalq strukturların kreditləri hesabına Mingəçevir SES-də 34 milyon dollar məbləğində bir sıra modernləşdirmə layihələrinin həyata keçirilməsində iştirak etmişlər. İşlədiyi bütün dövr ərzində bu elektrik stansiyası 40 milyard kilovatdan artıq elektrik enerjisi istehsal etmişdir. Vaxtilə o, öz miqyası ilə bizi heyran qoyurdu və keçmiş Sovet İttifaqının hər yerindən tələbələr oraya təcrübə keçməyə gəlirdilər. O, indi də energetikamızın, belə demək mümkünsə, enerji müstəqilliyimizin əsasını təşkil edir.

Hörmətli cənab Prezident! Universitetimiz əsası Rumıniya tərəfindən qoyulmuş Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasında Azərbaycanı təmsil edir. Bu Assosiasiyanın elmi tədqiqat mərkəzinin tərkibində biz Konstantsa şəhərinin “Ovidius” universiteti ilə uğurla əməkdaşlıq edirik. Əlbəttə, biz hamımız istərdik ki, bu əməkdaşlıq genişlənsin və buna daha çox müəllim və tələbələrimiz cəlb olunsunlar.

Bu gün Azərbaycan həyatın bütün sahələrində, o cümlədən də təhsildə qarşılıqlı surətdə faydalı və səmərəli əməkdaşlıq üçün açıqdır. Müasir dövrün görkəmli dövlət xadimi Azərbaycan Prezidenti Heydər Əliyevin apardığı siyasət ölkəmizin ümumavropa və ümumdünya layihələrinə uğurla inteqrasiya olunmasına imkan verir. Azərbaycanın TRASEKA layihəsində uğurlu iştirakı da buna bir sübütdur. Ümidvaram ki, Azərbaycan Texniki Universiteti Azərbaycan-Rumıniya iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsinə fəal cəlb ediləcəkdir. Topladığımız təcrübə belə nəcib vəzifənin həyata keçirilməsinə öz töhfəsini verərsə, biz buna şad olarıq.

 

Bizim, Azərbaycan cəmiyyəti nümayəndələrinin hamısının bu gün bir ağrısı və bir kədəri var. Bu, əlbəttə ki, Dağlıq Qarabağ problemidir. İndi Azərbaycanda elə bir ailə, ali məktəbimizdə tələbələrin elə bir qrupu yoxdur ki, ölkəmizin ərazi bütövlüyü uğrunda öz həyatını qurban vermiş əziz insanlarının itkisinin acısını duymamış olsun. Ümidvarıq ki, başçılıq etdiyiniz ölkənin də üzv olduğu dünya birliyi bu problemin ədalətli həlli üçün bütün səylərini göstərəcəkdir.

Hörmətli mərasim iştirakçıları!

İcazə verin, fəxri doktorumuzun elmi və siyasi fəaliyyəti ilə bağlı ayrı-ayrı faktlara müraciət edim. Əminəm ki, bu gün biz onu dinləyəcəyik, lakin xüsusi vurğulamaq istərdim ki, çox hörmətli Rumıniya Prezidentinin tərcümeyi-halı elədir ki, tələbədən tutmuş professoradək, siyasətçidən tutmuş alimədək burada oturanların hər biri onun ömür salnaməsindən özü üçün ibrətamiz faktlar tapa bilər. Hələ 1948-ci ildə cənab İliyesku Rumıniya Məktəbliləri Assosiyasiyaları Birliyinin banilərindən olmuşdur. 1956-cı ildə o, Avropa ölkələrinin tələbə təşkilatlarının modeli əsasında Rumıniya Tələbələri Birliyini yaratmışdır. Rumıniya tələbələrinin nümayəndəsi kimi, o, beynəlxalq tələbə hərəkatında, onun müxtəlif forum və təşkilatlarında fəal və səmərəli iştirak etmişdir. Universitetimizin tələbələri bilməlidirlər ki, cənab İliyesku həm tələbə hərəkatının fəal iştirakçısı olmuş, həm də müxtəlif idman federasiyalarına çox uğurla başçılıq etmişdir. Ona görə də təsadüfi deyil ki, məhz belə bir insan Rumıniyanın gənclər naziri olmuşdur.

İliyesku bir alim kimi karyerasına 1955-ci ildə Buxarest Energetika İnstitutunda başlamış və 1970-ci ilədək, Milli Su Ehtiyatları Şurasının sədri təyin olunan vaxtadək orada işləmişdir. Həmin Şurada o, Rumıniyanın su ehtiyatlarından istifadəyə və onların qorunub saxlanmasına yönəldilmiş bir sıra layihələrin işlənib hazırlanmasına başçılıq etmişdir. Cənab İliyesku elmi-texniki yönümlü problemlərlə bilavasitə bağlı olan bir sıra əsərlərin müəllifidir. 1984-1989-cu illər arasında o, Buxarestdəki texniki təmaüllü nəşriyyat evinin direktoru olmuşdur. Bu dövrdə onun müasir elmlərə və texnologiyalara dair bir sıra əsərləri işıq üzü görmüşdür. Onlar Rumıniya alimlərinin dünya elmindən təcrid olunmasının aradan qaldırılmasına yönəldilmişdir. Həmin illər ərzində o, sahə jurnallarında çoxsaylı elmi məqalələr də yazmışdır. Onların bir hissəsi dərc olunmamış və sonradan “Qlobal tədqiqatlar” adlı fundamental əsərə daxil edilmişdir.

 

O, sovet qoşunlarının Çexoslovakiyaya yeridilməsinə öz mənfi münasibətini cəsarətlə bildirmiş və SSRİ tərəfindən tətbiq olunan “məhdud suverenlik” nəzəriyyəsinin əleyhinə çıxmışdır. 1971-ci ildə altı ay ərzində o, Rumıniya Kommunist Partiyasının katibi olmuşdur. Lakin Rumıniyada “mədəni inqilab” siyasətini həyata keçirmək cəhdlərinə qarşı onun etirazları İliyeskunun öz vəzifəsini tərk etməsinə gətirib çıxarmışdır.

İntellektual təmayülçülükdə təqsirləndirilən İliyesku 20 ildən artıq bir dövrdə gözümçıxdıya salınmış, Rumıniyada və bütün dünyada demokratik alternativin rəmzi olmuşdur.

Rumıniya inqilabının ilk anlarından başlayaraq, 1989-cu il sentyabrın 22-də axşam İliyesku Milli Qurtuluş Cəbhəsi Şurasına başçılıq edir. 1990-cı ilin mayında o, Rumıniya Prezidenti seçilir. 1992-ci ilin prezident seçkilərində, yeni Konstitusiya əsasında keçirilən ilk seçkilərdə o, Prezident seçilir və belə bir şüar elan edir: “İnanıram ki, Rumıniyada hər şey yaxşılığa doğru dəyişiləcəkdir”. O, müasir Avropa tipli Sosial-Demokratik Partiyaya başçılıq edir. 2000-ci il dekabrın 10-da İliyesku yenidən Rumıniya Prezidenti seçilir.

1993-cü ildə onun “İnqilab və islahat” kitabı nəşr olunur. Bu kitab fransız, ingilis, alman, italyan, türk dillərinə tərcümə edilmişdir. 1994-cü ildə çapdan çıxan “Rumıniya Avropada və dünyada” kitabı çox böyük müvəffəqiyyət qazanır. O, ingilis, fransız, ispan dillərinə çevrilmişdir. 1995-ci ildə onun iki kitabı nəşr olunur: “İnqilab, mən onu necə yaşadım: 1989-cu ilin dekabr hadisələri haqqında söhbətlər və rəylər” və “Tarixin anları”. 1996-cı ildə “Tarixin anları”nın ikinci və üçüncü cildləri, “Rumıniya-Amerika dialoqları” kitabı işıq üzü görmüşdür. 1998-ci ildə Prezident İliyeskunun “Zorakılıqla dialoq arasında siyasi həyat”, 1999-cu ildə “Rumıniya cəmiyyəti haraya gedir” kitabları nəşr edilir.

Gördüyümüz kimi, siyasətçi İliyesku ilə alim İliyesku bir-birindən ayrılmazdır və bir-birini ahəngdar şəkildə tamamlayır. Bir faktı xüsusi vurğulamaq və tələbələrimizin diqqətini ona cəlb etmək istərdim. Bizim yeni fəxri doktorumuz rus dili ilə yanaşı, ingilis və fransız dillərini də bilir. Odur ki, cənab İliyeskunun bu keyfiyyətləri də tələbələr tərəfindən hər cür təqlid olunmağa layiqdir.

Elmi şuranın üzvləri, Azərbaycan Texniki Universitetinin bütün kollektivi adından bu gün bəyan etmək istərdim ki, belə görkəmli şəxsiyyətin Azərbaycan Texniki Universitetinin fəxri doktoru olması bizim üçün böyük şərəfdir. Bu gün biz onun elmin inkişafına verdiyi töhfəsini qiymətləndiririk. Siyasətə verdiyi töhfəni isə gələcək nəsillər qiymətləndirəcəklər.

Elmi şuranın 2002-ci il 25 oktyabr tarixli qərarına əsasən, hidrotexnika elmlərinin inkişafına sanballı töhfəsinə, habelə Azərbaycan-Rumıniya dostluq əlaqələrinin inkişafına, Avropada sülhün və sabitliyin təmin olunmasına köməyinə görə Rumıniya Prezidenti cənab İon İliyesku Azərbaycan Texniki Universitetinin fəxri doktoru seçilmişdir.

X X X

Universitetin rektoru Rumıniya Prezidenti İon İliyeskuya fəxri doktor diplomunu, mantiya və xatirə hədiyyələrini - xalça və kitablar təqdim etdi.

X X X

Sonra universitetin elektronika kafedrasının müdiri, professor Zərifə İsgəndərzadəyə söz verildi.

 

PROFESSOR ZƏRİFƏ İSGƏNDƏRZADƏNİN ÇIXIŞI

- Çox hörmətli Rumıniya Prezidenti cənab İon İliyesku!

Azərbaycan Texniki Universiteti Elmi şurasının hörmətli üzvləri!

Xanımlar və cənablar!

İcazə verin, Azərbaycan Texniki Universitetinin çoxsaylı professor-müəllim, aspirant və tələbə heyəti adından əziz qonağı bir daha salamlayım və “Azərbaycana, Texniki Universitetə xoş gəlmisiniz!” deyim.

Dünyanın aparıcı texniki ziyalılarından biri, Rumıniyada demokratik hərəkatın lideri, daha sonra Avropa dövlətlərindən birinin başçısı olmuş cənab İliyeskunu universitetimizdə salamlamaqdan çox şadam.

Fərəhlə bildirirəm ki, Sizin ötən əsrin 50-ci illərində Moskva Energetika İnstitutunda təhsil aldığınız illər mənim Moskva Dövlət Universitetində təhsil aldığım illərlə bir vaxta düşmüşdür. Biz Moskvadakı tələbəlik həyatının fəal üzvləri idik, dünyanın mədəni dəyərləri ilə tanış olur, bədii sərgilərə, teatrlara gedir, tələbə şənliklərində iştirak edirdik. Siz 1953-cü ildə MEİ-nin tələbəsi kimi Mingəçevir su elektrik stansiyasında təcrübə keçmisiniz.

Cənab Prezident, Siz ixtisaslaşdırılmış jurnallarda çoxlu sayda elmi əsərlər dərc etdirmisiniz. Sudan və digər təbii ehtiyatlardan istifadə olunması sahəsində peşəkar fəaliyyətiniz və marağınızla bağlı düşüncələriniz əsərlərinizdə öz əksini tapmışdır. Siz öz kitablarınızda ətraf mühitin qorunması, mütəxəssislərin diqqətinin bütün Yer kürəsində elmi-texniki tərəqqinin bu gün hələ hiss edilməyən, lakin gələcəkdə doğura biləcəyi arzuolunmaz nəticələrə cəlb edilməsi məsələlərini qaldırırsınız.

Mən universitet Elmi şurasının Sizə Azərbaycan Texniki Universitetinin fəxri doktoru adının verilməsi barədə qərarına məmnunluqla tərəfdar çıxır və onu alqışlayıram. Bu, universitetimizin həyatında böyük hadisədir və Qara dəniz hövzəsi ölkələrinin texniki ali məktəblərinin əməkdaşlığı çərçivəsində yüksək ixtisaslı mühəndis kadlarının hazırlanmasında səyləri daha da artırmağa imkan yaradacaqdır.

Ümidvarıq ki, Azərbaycan Prezidenti cənab Heydər Əliyev ilə apardığınız danışıqlarınız ikitərəfli iqtisadi və texniki əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasında Rumıniyanın səylərinin gücləndirilməsinə, Azərbaycanın öz ərazisində suverenliyinin bərpasına, qaçqın və köçkünlərin doğma torpaqlarına qaytarılmasına, regionumuzda sülhün bərqərar edilməsinə gətirib çıxaracaqdır.

Azərbaycan Texniki Universitetinin fəxri doktoru adının verilməsi münasibətilə Sizi və həmkarlarımı bir daha təbrik edirəm.

Sizə cansağlığı arzulayıram.

X X X

Sonra universitetin kafedra müdiri professor Rəhim Şükürov çıxış etdi.

PROFESSOR RƏHİM ŞÜKÜROVUN CIXIŞI

Rumıniyanın çox hörmətli Prezidenti, zati-aliləri cənab İon İliyesku!

Hörmətli qonaqlar, xanımlar və bəylər!

İcazə verin, universitetimizin professor-müəllim heyəti adından cənab İon İliyeskunu təbrik edim və ona cansağlığı, xoşbəxtlik, gələcək fəaliyyətində uğurlar arzulayım.

Əlbəttə, bu gün universitetimizdə böyük bayramdır. Cənab İliyesku, biz Sizi fəxri doktor seçmişik. Dünyanın bir çox universitetləri belə bir görkəmli siyasətçinin və alimin onların fəxri doktorları arasında olmasını özləri üçün şərəf sayardılar. Lakin tale bu nadir imkanı bizə bəxş etdi. Biz buna hədsiz şadıq.

Azərbaycan və Rumıniya arasında elmi əlaqələr çoxdan yaranmışdır. Hələ 1960-cı illərin əvvəllərində Moskva Polad və Qaynaq İnstitutunun aspirantı olarkən mən buxarestli aspirant Draqan Nikolaye ilə bir yerdə oxuyur və dostluq edirdim. Bizim elmi rəhbərimiz də eyni adam idi. Azərbaycanın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə Rumıniya neftçiləri 1970-ci illərdə ölkəmizə gəlmişdilər. Ployeşti neftçiləri Bakı neftçiləri ilə dostluq edirdilər. 1972-ci ildə Rumıniyanın Ployeşti şəhəri bizim Sumqayıt şəhəri ilə qardaşlaşmışdı.

1973-cü ildə mən və universitetimizin professoru Yaşar Naziyev Rumıniyada, paytaxtın Politexnik İnstitutunda və Ployeşti Neft İnstitutunda elmi ezamiyyətdə olmuşduq. Mən Buxarest Politexnik İnstitutunun professoru Safroni və Ploeşti Neft İnstitutunun professoru Raşeyev Dimitru ilə səmərəli əlaqələr yaratmışdım. Bununla əlaqədar Rumıniya xalqının qonaqpərvərliyini və mehribanlığını, bu füsunkar ölkənin gözəlliyini və özünəməxsusluğunu xüsusi qeyd etmək istərdim.

Allah-Təala Rumıniyaya zəngin neft, qaz, daş kömür yataqları, dəmir, boksit, mis, qızıl, polimetal və digər faydalı qazıntılar bəxş etmişdir. Hələ o illərdə mən metallurgiya, maşınqayırma və avtomobil zavodlarının avadanlıqla gözəl təchiz edildiyini, habelə güclü inkişaf etmiş energetika sənayesinin olduğunu gördüm. Azərbaycan da zəngin təbii sərvətlərə malik ölkədir.

SSRİ və sosialist düşərgəsi dağılanda bizim hamımıza elə gəlirdi ki, totalitarizmin qandalları açılan kimi iqtisadiyyat da, elm də, təhsil də çiçəklənməyə başlayacaqdır. Amma həyat bizim gözlədiyimizdən mürəkkəb çıxdı. Biz ümid bəsləyirdik ki, özünütəşkil prosesləri öz-özünə inkişaf edəcək, sonra isə hər şey sinergetika qanunları əsasında inkişaf edəcəkdir. Bu proseslərin Rumıniyada necə getməsi barədə məndə konkret fakt azdır, təkcə onu bilirəm ki, ümumilikdə hər şey çox da hamar olmamışdır. Azərbaycanda isə biz Ermənistanın təcavüzü, torpaqlarımızın 20 faizinin işğal olunması, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdik. Bir Allah şahiddir ki, Prezident Əliyev necə bir uçurumun kənarında rəhbərliyi öz üzərinə götürdü.

Zati-aliləri!

Bilirəm ki, Heydər Əliyev ilə Sizi rəsmi münasibətlərdən savayı, şəxsi dostluq da birləşdirir. Təkcə bu fakt Sizi, yeni seçilmiş fəxri doktorumuzu bizə daha əziz edir. Həm taleyiniz, həm də keçmişdə topladığınız böyük təcrübə baxımından oxşarlıq çoxdur. Çox istərdim ki, dostluğunuzun hərarəti ölkələrimizi birləşdirən bütün qarşılıqlı əməkdaşlıq proseslərinə yeni təkan versin, Avropa Şurasının üzvü kimi Rumıniya Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini versin.

Rumıniya Prezidenti cənab İon İliyeskunu universitetimizin fəxri doktoru adını alması münasibətilə bir daha ürəkdən təbrik etmək və ona xoşbəxtlik, cansağlığı, həm elmdə, həm də siyasətdə uğurlar arzulamaq istərdim.

X X X

 

Çıxış üçün universitetin aspirantı İlahə Rzayevaya söz verildi.

ATU-NUN ASPİRANTI İLAHƏ RZAYEVANIN ÇIXIŞI

- Çox hörmətli cənab Rumıniya Prezidenti!

İcazə verin, Azərbaycan Texniki Universitetinin fəxri doktoru adı verilməsi münasibətilə çoxminli tələbə heyəti adından Sizi təbrik edim və arzulayım ki, bu gündən etibarən biz Sizin simanızda Rumıniya universitetləri ilə ən səmərəli əməkdaşlıq layihələrinin rəhbərlərindən birini qazandıq.

Zati-aliləri! Tələbəlik illərində Sizin fəallığınız barədə, çox böyük layihələrə başçılıq etməyiniz, gənc yaşlarınızda necə böyük uğurlara nail olmağınız barədə indi əfsanələr gəzir. Sözsüz ki, belə əfsanəvi şəxsiyyətin universitetimizin fəxri doktoru adına layiq görülməsi ürəyimizi iftixar hissi ilə doldurur.

Əlbəttə, hər bir gənc bütün dünyanı fəth etməyi və yeni Bill Geyts olmağı bacarmasa da, heç olmasa, hansısa bir tələbə cəmiyyətinin lideri olmağı arzulayır. Bunun üçün, əlbəttə, təkcə arzu kifayət deyildir. Biz başa düşürük ki, bunun üçün dərin bilik, yüksək intellekt və böyük səy tələb olunur. Lakin bu gün İnternet, informasiya texnologiyaları dünyanı çox dəyişdirmişdir. Təhsil artıq başqa xarakter almışdır. Bütün bu informasiyaları əldə etmək üçün isə universitetlərin maddi-texniki bazalarında köklü dəyişikliklər etmək tələb olunur. Biz aspirantlar və tələbələr isə hələlik yalnız bu bazadan istifadə edirik, onu yaxşılaşdırmaq imkanımız yoxdur. Əlbəttə, bu istiqamətdə çox iş görülür. Hamıya məlumdur ki, biz bir sıra universitet assosiasiyalarının, o cümlədən əsası Rumıniya tərəfindən qoyulmuş Qara Dəniz Ölkələri Universitetləri Assosiasiyasının üzvüyük. Biz bu mərkəzin köməyi ilə Konstansadakı “Ovidius” universiteti ilə fəal əməkdaşlıq edirik və ümidvarıq ki, bu əməkdaşlıq genişlənəcəkdir. Bütün bunlarla yanaşı, ümidvar olduğumuzu bildirmək istərdik ki, məhz Sizin kimi və Heydər Əliyev kimi siyasətçilər ölkələrimizin gənclərinə onları informasiya cəmiyyətinə yaxınlaşdıra bilən keyfiyyətcə yeni təhsil səviyyəsi yaradacaqsınız.

Çox hörmətli cənab Prezident, mən əminəm ki, Azərbaycan Texniki Universitetinin fəxri doktoru kimi Siz universitetimizin təkcə Konstansa universiteti ilə deyil, həm də Rumıniyanın digər tanınmış universitetləri ilə elmi-təhsil əlaqələrinin daha da möhkəmlənməsinə və inkişafına kömək edəcəksiniz.

Axırda icazə verin, universitetimizin tələbələri və gənc alimləri adından Sizi bir daha təbrik edim, özümüzə isə bunu arzulayım ki, biz, yeni nəsil elmdə də, həyatda da Sizin kimi, müəllimlərimiz kimi yüksək zirvələr fəth edək.

X X X

Sonra Rumıniya Prezidenti İon İliyesku mərasimdə çıxış etdi.

RUMINİYA PREZİDENTİ İON İLİYESKUNUN ÇIXIŞI

- Hörmətli cənab rektor!

Elmi şuranın, professor heyətinin hörmətli üzvləri!

Xanımlar və cənablar!

Dostlar!

Çıxışıma mənə universitetinizin fəxri doktoru adı verilməsi ilə əlaqədar göstərilmiş şərəfə görə təşəkkürümü bildirməklə başlamaq istərdim. Mən sizin bu qərarınıza müasir iqtisadi sistemlərin və cəmiyyətlərin qarşılaşdıqları problemlərə göstərdiyim daimi qayğıya verdiyiniz qiymət kimi baxıram. Rumıniya və Azərbaycan müxtəlif coğrafi regionlarda yerləşsələr də, onların oxşar cəhətləri çoxdur. Əvvəla, biz öz ölkələrimizin insan ehtiyatlarından və maddi ehtiyatlarından istifadə etməyə imkan verən həqiqi bazar iqtisadiyyatı yaratmaq istəyirik. İkincisi, kommunist quruluşunun iflası bizə demokratiyanı qiymətləndirməyi və insan hüquqları və azadlıqlarına hörmət etməyin zəruriliyini öyrətmişdir. Üçüncüsü, biz millətlər və dövlətlər arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın, onların mədəniyyətinə və özünəməxsusluğuna hörmət etməyin nə dərəcədə dəyərli olduğunu öyrəndik. İndi biz xalqlarımız və ölkələrimiz arasındakı təbii və genişləndirilmiş münasibətləri bu əsasda qurur və dərk edirik ki, iqtisadi qloballaşma prosesində yalnız qarşılıqlı fəaliyyət və açıqlıq yolu ilə yaxından iştirak edə bilərik.

Labüd çətinliklərin və ünvanımıza haqlı tənqidin olmasına baxmayaraq, bu proses Rumıniya və Azərbaycan kimi ölkələrə iqtisadiyyat, texnologiyalar, təhsil sahəsində tərəqqi üçün xeyli üfüqlər açır və bununla da cəmiyyətlərimizin demokratikləşdirilməsi və modernləşdirilməsi imkanını artırır. Görünür, biz sənaye tipli kapitalizmin öz ilk addımlarını yenicə atmağa başladığı XIX əsrin əvvəllərindəki terminologiyadan, yaxud da öz mənəvi vəzifələrini və insanlara hörməti, ətraf mühitə qayğını unudaraq, nəyin bahasına olursa-olsun, fayda güdməkdən ibarət olan XX əsrin sonundakı kapitalizmin terminologiyasından istifadə edərək, iqtisadi və sosial inkişaf problemlərinə daha çox müraciət etməliyik.

Müasir cəmiyyət intensivdir, bəzən isə, belə demək mümkündürsə, əxlaqsızdır. Cəmiyyətin inkişaf surəti və firavanlığı elmin nailiyyətlərinə və cəmiyyəti dərk etməyə əsaslanır, gələcəkdə isə elm və idrak yenicə formalaşmağa başlayan qlobal cəmiyyətin inkişafı prosesində əsas rol oynayacaqlar. Firavanlığa nail olmaq kimi, dünyanı dərk etmək də bütün adamlar üçün eyni deyildir. Dünyanın varlılara və yoxsullara bölünməsini indi təhsil və informasiya qütbləşməsi də təkrarlayır. Buna görə də ictimai təhsil sistemlərini qoruyub saxlamaq və genişləndirmək, elmi və texniki tədqiqatlar sistemini inkişaf etdirmək, informasiya texnologiyalarının imkanlarından maksimum istifadə etmək Rumıniya və Azərbaycan kimi ölkələr üçün mühüm həyati əhəmiyyətə malikdir.

Yeni əsrin tələbləri bütün ölkə ehtiyatlarının hamının malı olduğunu əsas götürərək, inkişaf problemlərinə başqa cür yanaşmağa məcbur edir. İnsan hüquqlarına görə, yer kürəsinin hər bir sakininin bütün bunlara “əli çatmalıdır”. Əvvəla, sudan, enerjidən, qida məhsullarından, dərmanlardan, habelə təhsildən, qlobal kommunikasiya şəbəkələrindən istifadə etmək imkanına malik olmalıdır. Gələcək müharibələrə ideologiyadakı ziddiyyətlər, yaxud münaqişələr deyil, milli özünəməxsusluğu qoruyub saxlamaq istəyi yox, ilk növbədə ehtiyatlardan istifadə etmək istəyi səbəb olacaqdır. Demokratik inkişafın yüksək surətinin qorunub saxlandığı və iqtisadi inkişafın zəyiflədiyi şəraitdə bu ehtiyatların yoxsul millətlər tərəfindən istifadə edilib tükənməsi miqrasiya axınına, yeni gərginlik mənbələrinin və münaqişə vəziyyətlərinin yaranmasına gətirib çıxaracaqdır. Belə vəziyyət qlobal miqyasda bütün dünyada sülh və sabitlik üçün təhlükəyə səbəb olacaqdır. Təsadüfi deyildir ki, yoxsulluq, zəif inkişaf, habelə planet miqyasında iri ekoloji və sosial partlayış məsələləri bu il keçirilmiş müxtəlif zirvə toplantılarının diqqət mərkəzində olmuşdur. Bugünkü dünyada gedən bu proseslər bizi sosial birlik və həmrəyliyin nizamlayıcısı və təşkilatçısı olan dövlətin iqtisadiyyatda roluna və əhəmiyyətinə yenidən baxmağa vadar edir.

Bununla belə, indi BMT çərçivəsində mövcud olan təsisatlarla inteqrasiya olunmuş universal əhəmiyyətli idarələr yaradılması zəruriliyi məsələsi ortaya çıxır. Bu idarələr həm qlobal bazarın bərqərar olması üçün, həm də bu bazarın zəif inkişaf etmiş ölkələrə mənfi təsirini azaltmaq, varlı və yoxsul ölkələr arasında fərqləri azaltmaq üçün daha ədalətli qayda-qanunlar əsasında və şəffaflıq şəraitində fəaliyyət göstərməlidir.

Sosial məsələlərə qlobal səviyyədə yanaşmaq vətəndaş hüquqları və azadlıqlarının, demokratiyanın bir hissəsidir. Demokratiya ilə millətlərin sosial-iqtisadi inkişafı arasında birbaşa əlaqə var. Yoxsul ölkədə inkişaf etmiş demokratiya mövcud ola bilməz. Biz bu həqiqətlə hər gün üzləşirik.

Son 50 ildə biz dünya səviyyəsində iqtisadi yüksəlişin misilsiz dinamikasının şahidi olsaq da, zəngin və yoxsul millətlər arasında fərq daim dərinləşir. Məsələn, yuxarıda qeyd etdiyimiz dövr ərzində dünyada ümumi məhsul 7 dəfə artmışdır, yəni dünya 7 dəfə zənginləşmişdir. Buna baxmayaraq, yoxsulluq azalmaq əvəzinə, artmışdır. 2,8 milyard adam günü 2 dollara, 1,2 milyard adam isə 1 dollardan az məbləğə yaşayır. Etibarlı su mənbələri olmadığına, hər gün 10 min uşaq ölür. İnkişaf fərqi təkcə Şimal ilə Cənub arasında, zəngin və yoxsul ölkələr arasında mövcud deyil, bu cür fərqlər inkişaf etmiş ölkələr arasında da yaranmışdır.

Keçmiş sosialist ölkələrinə gəldikdə isə, - mən təkcə Rumıniya və Azərbaycanı nəzərdə tutmuram, - onların hamısı iqtisadi islahatlar aparmaq məcburiyyətində qalaraq, həddən artıq sosial qütbləşmə nəticəsində ciddi problemlərlə üzləşirlər. Bu, haradasa keçmişə qayıdış deməkdir. Çünki biz XIX əsrin əvvəlində kapitalist ölkələrinin tarixindən izə yaxşı tanış olan ilkin kapital yığımı üçün səciyyəvi olan, yeri gəlmişkən, bunlar Dikkensin və Balzakın əsərlərində çox yaxşı təsvir edilmiş halların şahidi oluruq. Buna doğrudan da təəccüb edirsən, çünki bizə inkişafda fərqləri aradan qaldırmağın həllinin bir sıra təsirli yolları, sosial bazar iqtisadiyyatının konsepsiyaları məlumdur. Bunlar ötən əsrin 30-cu illərində İsveç sosialistləri tərəfindən istifadə olunmuş və İkinci dünya müharibəsindən sonra əsas Qərbi Avropa ölkələri tərəfindən tətbiq edilmişdir. Həmin konsepsiyalar gəlirin kəmiyyətindən asılı olaraq, rüsum və vergilərin artan differensiyasına əsaslanan fiskal siyasətə, yəni gəlirə qoyulmuş differensial vergiyə, habelə aztəminatlı təbəqələrin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş fəal sosial siyasətə söykənir.

 

Böyük sosial bərabərsizliklərin və fərqlərin xeyli azalmasına gətirib çıxarmış Avropa sosial modeli deyilən modelin əsasını da məhz bu təşkil edir. Dünyanın ən zəngin ölkəsi olan ABŞ buna müvəffəq olmamışdır. ABŞ 1929-1930-cu illərin dərin iqtisadi böhranından sonra Prezident Ruzveltin məhz belə yönümlü islahatından imtina etmək məcburiyyətində qalmışdır. Burada sadalanan bütün misallar bizi belə bir yeganə qənaətə gətirir ki, insan kapitalı hər bir millətin gələcək inkişafının başlıca mənbəyidir. Bu baxımdan tərbiyə məsul siyasətçilərin yeritdikləri ictimai siyasətin öncül istiqamətinə, habelə daha az inkişaf etmiş ölkələr üçün geriliyin aradan qaldırılmasında yeganə imkana çevrilir.

Zənnimcə, bu gün hər bir gənc sanballı peşə hazırlığı, öz ölkəsinin dili və mədəniyyəti ilə yanaşı, beynəlxalq aləmdə işlədilən bir və iki xarici dilə, kompüter savadına, mədəniyyət və incəsənətin universal dilinə də əla yiyələnməlidir. Qloballaşmış dünya açıq dünyadır və sivilizasiyalar arasında ünsiyyət təbii şəkildə, münaqişəsiz baş verməlidir. Bununla əlaqədar dözümlülük, dialoq, insanın əsas hüquq və azadlıqlarına hörmət kimi dəyərlər qlobal miqyasda sülh və sabitliyin təmin olunması üçün əhəmiyyət kəsb edir.

Rumıniya bu inkişafdan lazımi nəticələr çıxarmışdır və indi o, qanuni təhsil strukturlarının və informasiya cəmiyyəti deyilən bir cəmiyyətin tətbiqi prosesini, yəni intellektual məhsulların tərəqqi üçün həlledici amil olduğu intensiv intellektual və mədəni həyatla səciyyələnən postindustrial cəmiyyətin inkişafının yeni mərhələsini keçir. Son üç ildə Rumıniya gənclərin tərbiyəsi və təhsili proseslərini dəstəkləməyi, məktəblərin İnternetə qoşulmuş kompüterlərlə təchiz olunmasını davam etdirir.

Sizin ölkəniz böyük həcmdə neft hasilatçısı və ixracçısıdır. Mənə elə gəlir ki, bu sahədə ölkələrimizin universitetləri, profil fakültələri, habelə elmi tədqiqat institutları arasında səmərəli əməkdaşlıq qarşılıqlı surətdə fayda əsasında inkişaf edəcəkdir. Yeri gəlmişkən, demək lazımdır ki, Bakı, Rumıniyanın Ployeşti bölgəsi, Amerikada isə Pensilvaniya ştatı XIX əsrin ortalarında ilk neft hasilatçıları olmuşlar.

 

İndi Rumıniyada bu ehtiyatlardan bir əsr yarım ərzində istifadə olunması nəticəsində onlar azalmışdır və biz neft idxal etməyə başlamışıq. Düzdür, biz də neft hasil edirik, amma bu, böyük həcmdə deyildir, təxminən 6 milyon tondur. Bu gün şahidi olduğumuz iqlim dəyişiklikləri, ətraf mühiti qorumaq zərurəti bizi karbohidrogen ehtiyatlarının hasilatına, nəqlinə, emalına və işlədilməsinə tamam yeni baxımdan yanaşmağa və ekoloji cəhətdən təmiz texnologiyaların tədqiqinə daha çox sərmayə qoymağa məcbur edir. Biz, eyni zamanda, neft kimi bərpa olunmayan ehtiyatlardan necə ağılla istifadə etmək, alternativ texnologiyalardan və yeni təmiz enerji mənbələrindən istifadə etmək barədə də düşünməliyik. Bu, ümumi gələcəyimizə investisiyalar olacaqdır. Nə qədər ki, gec deyil, biz bu işi görməliyik.

Xanımlar və cənablar!

Mənim həm siyasi xadim, həm də mühəndis olmağım bunu deməyə vadar edir ki, hər hansı layihənin uğuru üçün bilik və ünsiyyət bacarığı ilə yanaşı, öz üzərinə götürdüyün məsuliyyət həlledici amildir. Hazırda biz hamımız maddi və mənəvi sivilizasiya baxımından ümumi gələcəyimiz barəsində üzərimizə məsuliyyət götürmək zərurəti qarşısındayıq. Ədalətsizliyə daha yol vermək olmaz, elə bunun nəticəsidir ki, dünyanın maddi ehtiyatlarının 80 faizini planet əhalisinin 20 faizi istehlak edir. Bu cür vəziyyət rüsvayçılıqdır, təhlükəlidir. Lakin nikbinlik üçün də əsaslar var. Hazırda meydana gəlməkdə olan qlobal vətəndaş cəmiyyəti özünü vətəndaş təşkilatları vasitəsilə büruzə verir və daha ədalətli, daha etibarlı və şübhəsiz, daha firavan dünyanın bərqərar olması yollarını axtarmağa çalışır.

Mənə fəxri doktor adı verilməsinə görə və səmimi qəbula görə sizə bir daha təşəkkür edirəm. Mən bunları Rumıniya-Azərbaycan münasibətlərinin yaxşı səviyyədə olmasının ifadəsi kimi qiymətləndirirəm.

(Rumıniya Prezidentinin nitqi böyük diqqətlə dinlənildi və sürəkli alqışlarla qarşılandı).

X X X

Universitetin rektoru XAVAR MƏMMƏDOV Rumıniya Prezidentinə təşəkkür edərək dedi:

-İcazə verin, universitetimizin fəxri doktoruna bir daha səmimi təbriklərimizi bildirim və arzu edim ki, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq daha səmərəli inkişaf etsin, keyfiyyətcə yeni məzmun kəsb etsin.

X X X

Mərasimdə baş nazirin müavini Yaqub Eyyubov, Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Misir Mərdanov, Rumıniyanın Bakıdakı səfiri Tasım Cəmil, Azərbaycanın Buxarestdəki səfiri Eldar Həsənov, digər rəsmi şəxslər iştirak edirdilər.

X X X

RUMINİYA PREZİDENTİNİN ŞƏRƏFİNƏ

Oktyabrın 29-da Bakı Əyləncə Mərkəzində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adından Rumıniya Prezidenti İon İliyeskunun şərəfinə rəsmi qəbul təşkil edilmişdir.

Salona toplaşanlar Azərbaycan və Rumıniya prezidentlərini hərarətli alqışlarla qarşıladılar.

Azərbaycan Prezidenti Heydər Əliyev və Rumıniya Prezidenti İon İliyesku rəsmi qəbulda nitq söylədilər. Dövlət başçılarının nitqləri diqqətlə dinlənildi və alqışlarla qarşılandı.

Səmimilik və dostluq şəraitində keçən rəsmi qəbulda Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Rumıniya Prezidentini ölkəmizə rəsmi səfərdə müşayiət edən nümayəndə heyətinin üzvləri, Rumıniyanın Bakıdakı səfiri Tasım Cəmil, Azərbaycanın Buxarestdəki səfiri Eldar Həsənov, digər rəsmi şəxslər iştirak edirdilər.

(Ətraflı hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun,

Yaşar Xəlilovun, Rafiq Bağırovundur

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xidmət rəisi: İnsanlar qızmar yay günlərində diqqətli olmalı, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməlidirlər

BMU ilə Koreyanın INHA Universiteti arasında Niyyət məktubu imzalanıb

Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib YENİLƏNİB

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

Sahibkarlarla görüşdə “DOST Müfəttiş” layihəsi təqdim olunub

Prezident İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul edib YENİLƏNİB

ŞƏT çərçivəsində əməkdaşlığın Türk inteqrasiya proseslərinə töhfəsi ŞƏRH

MGİMO və Azərbaycan İdman Akademiyasının “İdman menecmenti” üzrə birgə proqramının ilk məzunları diplom aldılar

“Qalatasaray”ın futbolçusu İtaliya klubuna keçib

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinlənilib

Sahibkarlığın İnkişafı Fondu: Altı ayda 102,7 milyon manat güzəştli kredit verilib

Fermerlərə sığorta ödənişləri 2 dəfədən çox artıb, sığortalanmış əkinlər 364 min hektara çatıb

Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə standartlaşdırma sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Göygöldə Üçüncü Milli Yaylaq Festivalının açılış mərasimi olub

Prezident İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib   YENİLƏNİB

“Azərişıq” ASC-nin sədri Oğuzda vətəndaşlarla görüşüb

Naxçıvanda “Yaşıl dünya könüllüləri” mükafatlandırılıb

“People's Daily online”: Çin turistləri Azərbaycanı seçirlər

DİM rəhbəri: Süni intellektlə bağlı hadisələrin sonrakı inkişafı bizim özümüzdən asılıdır

Böyük və Kiçik Qafqazın bəzi çaylarında qısamüddətli daşqın və sel keçəcək

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Məleykə Abbaszadə: Ənənə və innovasiya vəhdət təşkil etməlidir

Naxçıvan Dövlət Universitetində “Gələcəyə inam” layihəsi icra olunub

“Euronews”: Azərbaycan ənənəvi enerji sektorunu şaxələndirmək niyyətindədir

Səhiyyə Nazirliyi ölkə ərazisində müşahidə olunan isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən “proqnozlar”ın heç bir elmi əsası yoxdur - AÇIQLAMA

“Neftçi”nin futbolçusu: Çempionlar Liqasında heç bir komandaya təslim olmaq istəmirik

Mikayıl Müşfiq küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti olaraq məhdudiyyət qoyulacaq

Abbasqulu Ağa Bakıxanovun həyat və yaradıcılığı haqqında elmi seminar keçirilib

Çinli diplomat: Azərbaycanın İKT sektoruna investisiya qoyacaq Çin şirkətlərinin sayı artacaq

Keir Starmer: İşimiz təcilidir və biz elə bu gün işə başlayırıq

Çin XİN: Strateji tərəfdaşlıq Çin-Azərbaycan münasibətlərinin inkişaf tarixində mühüm mərhələdir

“Sabah” serbiyalı futbolçu ilə güclənib

Dördüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlanıb

Fərid Qayıbov: Yaylaq festivalı türkdilli dövlətlərin birgə fəaliyyəti baxımından əhəmiyyətlidir

Prezident İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib  YENİLƏNİB

Böyük Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başlayıb

Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub   YENİLƏNİB

Prezident İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib YENİLƏNİB

Proqram sistemlərinin layihələndirilməsi problemləri araşdırılır

Astaranın Liəzi kəndində selin apardığı körpünün yerində yenisi inşa olunacaq

Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib  YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib  YENİLƏNİB

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başlayıb VİDEO

Xankəndi Konqres Mərkəzinin təməli qoyulub YENİLƏNİB

AMEA-nın Humanitar Elmlər Bölməsi bu ilin birinci yarısı üzrə hesabat verib

Naxçıvanın Ali Məclisində aparılmış auditin nəticələri açıqlanıb

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub YENİLƏNİB

Yay planlarınızı “Unibank”la reallaşdırın!

Xarici ölkələrin aparıcı mütəxəssisləri Milli Onkologiya Mərkəzi ilə tanış olublar VİDEO

Türkiyə mediası: Şuşa Zirvə görüşü Türk dünyasının birliyinin qətiyyətli nümayişidir

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub  YENİLƏNİB

Prezident İlham Əliyev Xocalı Hava Limanında olub YENİLƏNİB

Məleykə Abbaszadə: “Yüksəliş” müsabiqəsi insan kapitalının inkişafına töhfə verən yarışdır

Nazir: Növbəti mərhələlərdə “Yüksəliş” müsabiqəsinin daha aşağı yaş qruplarını əhatə etməsi nəzərdə tutulur

Paytaxtın Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

® Həkim-pediatr: Uşaqları çimərliyə aparanda müəyyən qaydalara ciddi riayət edilməlidir

Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun formalaşmasında fəal iştirak edir

Bakı Musiqi Akademiyasında iki yaradıcı xanımın müəllif konserti olub

Çempionlar Liqası: “Neftçi”nin rəqibi müəyyənləşib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib VİDEO

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində üç nəfər ölüb, səkkiz nəfər yaralanıb

Lənkəranda baş verən qəzada 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Çinin əyalətləri Azərbaycanın regionları ilə fəal əməkdaşlıq edir

Luvsannamsrain Oyun-Erdene yenidən Monqolustanın Baş naziri seçilib

Azərbaycanın milli standartları Belarusda tətbiq olunacaq

Din Tao: Çinin rəqəmsal təhsil sahəsində bütün təşəbbüsləri və ölkədə təcrübə keçmək Azərbaycan üçün açıq olacaq

İsti hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

UEFA Türkiyə millisinin futbolçusunu diskvalifikasiya edib

Tovuz Aqroparkında ilk dəfə şəkər çuğundurunun yetişdirilməsinə başlanılıb

Çin diplomatı: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının mühüm dialoq tərəfdaşdır

Yerli kapital bazarında səhmlərin ilk dəfə kütləvi satışının həyata keçirilməsi müzakirə edilib

İspaniya klubu Seneqal millisinin üzvünü transfer edib

Qazaxıstan və Pakistan sülhməramlı qüvvələrini birləşdirəcək

Şimali Qafqaz Federal Universitetinin rektoru ATMU-nun qonağı olub

Akademik Milli Dram Teatrı mövsüm ərzində yeni nailiyyətlərə imza atıb

İsrail mətbuatında Ermənistandakı antisemitizmi ifşa edən məqalə yayımlanıb

Azərbaycan klubu iki əcnəbi oyunçu ilə yollarını ayırıb

BANM tələbəsinin layihəsi İsveçrədə qrant qazandı

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Səadət Fərzəliyeva: Həmişə arzulamışam ki, nənəmin sənətini davam etdirim və xalça toxuyum

Azərbaycan idmançıları Yakutskda xapsaqay güləşi üzrə yarışda iki medal qazanıblar

Şərqşünaslıq İnstitutunun şöbə müdiri Barselonada beynəlxalq konfransda çıxış edib

Dünya Kuboku: Azərbaycan karateçisi üçüncü olub

Paytaxtın müxtəlif məkanlarında DOST TV ilə bağlı posterlər nümayiş olunur

Rişi Sunak “10 Downing Street” qarşısında sonuncu dəfə çıxış edib VİDEO

Sumqayıtda türk diplomatının 44 günlük müharibəyə həsr edilən kitabı təqdim olunub

Gürcüstanın dəmir yolları ilə daşınan yüklərin 26 faizini Azərbaycandan gələn tranzit yükləri təşkil edib

Türkiyə aeroportlarında sərnişinlərin yoxlanılması proseduru sərtləşdirilir

DİM: Dövlət orqanlarında 9 vəzifə müsahibəyə çıxarılıb

Qazaxıstanda ŞƏT Sammitindən sonra “sarı” təhlükə səviyyəsi ləğv edilib

Agentlik: 5 məktəbdənkənar təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb

Hesablama Palatası Milli Məclisin İşlər İdarəsində audit aparıb

“AzerGold” QSC hasilatın pay bölgüsü haqqında Saziş üzrə səlahiyyətlərinin icrasına başlayıb

Xaçmazda keçirilən kompleks mülki müdafiə təliminə 300 nəfərə yaxın şəxsi heyət cəlb olunub VİDEO

Fransa klubu Olimpiya Oyunlarının qalibi ilə müqavilə bağlayıb

Şimali Kipr Prezidenti Ersin Tatar Füzuli rayonuna gəlib VİDEO

NATO-nun yeni Baş katibinə Qarabağın minalanmış əraziləri barədə məlumat verilib

Sabah Bakıda və Abşeron yarımadasında 39 dərəcə isti olacağı gözlənilir

İranda prezident seçkilərinin ikinci turunda hər iki namizəd səs verib

Fransada namizədlər və seçki fəalları mütəmadi hücumlara məruz qalır