Rumıniyalı səyyah: Qarabağın gələcəkdə turizm sənayesinin vacib hissəsinə çevriləcəyinə əminəm
Cəbrayıl, 6 noyabr, T.Ağaməmmədov, AZƏRTAC
Mən dünyanın çox yerinə səfər etmişəm. Deyə bilərəm ki, Qarabağa səfərim mənim dünyagörüşümü daha da artırdı. Burada gördüyüm dağıntılar, vandalizm izləri məni çox məyus etsə də, sürətlə gedən yenidənqurma işləri çox təqdirəlayiqdir. Xüsusilə, Şuşa və Ağdamdakı işlər mənə çox xoş təəssürat bağışladı.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında dünya səyyahlarının Azərbaycanın işğaldan azad edilən ərazilərinə növbəti səfəri zamanı Cəbrayıl rayonunda Xudafərin körpüsü ilə tanış olan rumıniyalı səyyah Matei Rusu deyib.
“Qısa vaxt ərzində belə gözəl yolların çəkilməsi, evlərin tikintisi çox heyrətamizdir. Xüsusilə, evlərin dam örtüklərində günəş panellərinin quraşdırılması məndə böyük marağa səbəb oldu. Turizm sənayesində çalışan biri kimi deyə bilirəm ki, Qarabağın infrastrukturu turizm üçün çox əlverişlidir və gələcəkdə turizm sənayesinin vacib hissəsinə çevriləcəyinə əminəm”, - deyə o əlavə edib.
Qeyd edək ki, dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan NomadMania klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və sair) təmsil edən 50 nəfərə yaxın geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harry Mitsidis başçılıq edir.
Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən iki ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə reallaşıb.