RUSİYA BAŞ PROKURORLUĞU MİQRANTLARLA ƏMƏK SAHƏSİNDƏ HÜQUQİ MÜNASİBƏTLƏRİN QANUNİLİYİNƏ NƏZARƏT EDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya Baş Prokurorluğu miqrantlar və işəgötürənlər arasında əmək sahəsində hüquqi münasibətlərdə qanuna riayət olunmasına nəzarət edir.
Rusiya Baş Prokurorluğunun məlumatında deyilir ki, işəgötürənlər miqrantların hüquqsuzluğundan istifadə edərək əmək və əməyin müdafiəsi barədə qanunları kobud şəkildə pozurlar. Gəlmə işçilərlə bağlanan əmək müqavilələrində Rusiya Federasiyasının Əmək Məcəlləsində nəzərdə tutulan bütün məcburi şərtlər əksini tapmır. Bəzi hallarda isə belə müqavilələr ümumiyyətlə bağlanmır. Bu zaman işçilər üçün təhlükəsiz əmək şəraiti təmin olunmur, onlar digər sosial-əmək güzəştlərindən məhrum edilirlər.
İstehsalat zədələrinin baş verməsi faktlarına tez-tez rast gəlinir. Bu cür qayda pozuntuları işəgötürənlərin əcnəbi işçilərin əmək hüquqlarını pozmaqla maksimum gəlir əldə etmək cəhdlərindən irəli gəlir. Əcnəbi işçilərin müdafiəsi onların işəgötürənlərdən asılı olmaları, əmək qanunvericiliyi normalarını bilməmələri üzündən daha da çətinləşir.
İnsan alveri artır, bəzi miqrantlar qul vəziyyətinə düşürlər. Hüquq mühafizə orqanları bir sıra müəssisələrdə miqrantların zorla saxlanması və istismarı faktlarını aşkar etmiş və bu halların qarşısını almışlar.
Rusiya Federasiyası subyektlərinin prokurorlarına miqrantların əmək hüquqlarına riayət olunmasına prokuror nəzarətini gücləndirmək tapşırılmışdır. Rusiyanın Baş Prokurorluğu bu sahədə qanuna riayət olunmasına nəzarət edir.