RUSİYA DÖVLƏT DUMASINDA QANUNSUZ MİQRASİYA PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Deputatların çıxışlarının əsas mahiyyəti bundan ibarət olmuşdur ki, Rusiya, ilk növbədə, öz vətəndaşlarının qayğısına qalmalı və ölkənin miqrasiya proseslərini buna əsasən tənzimləməlidir. Qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün elə bir hüquqi baza yaratmaq lazımdır ki, bu zaman qanun pozucuları inzibati, ayrı-ayrı hallarda isə cinayət məsuliyyəti daşısınlar. Deputatların əksəriyyətinin fikrincə, hazırda miqrantlar Rusiyaya faydadan çox ziyan gətirirlər, çünki qeyri-leqal miqrasiya xəlvəti biznes üçün güclü zəmin yaradır, korrupsiyanı, o cümlədən hüquq mühafizə orqanlarında korrupsiyanı dəstəkləyir. Romodanovski bildirmişdir ki, əcnəbilərin Rusiyada törətdiyi cinayətlər 10 il ərzində 1,5 dəfə artmışdır. Hər il Rusiyaya 21-23 milyon adam gəlir ki, bunların da 80 faizi MDB ölkələrindəndir. FMX-nın başcısı demişdir ki, gələn il cəlb olunan iş qüvvəsinə hədd qoyulacaqdır. Rusiyanın viza rejimi ilə əlaqədar olduğu ölkələrdən təxminən 309 min, viza rejimi fəaliyyət göstərməyən ölkələrdən isə 6 milyonadək əcnəbi cəlb etmək nəzərdə tutulur.
Dövlət Duması sədrinin müavini Oleq Morozovun fikrincə, qanunsuz miqrasiya cəmiyyətdə psixoloji gərginlik yaradır. Bu problemin həllinə həmin sahədə böyük şəffaflıq yaratmaq və inzibati tədbirlərdən istifadə etmək kimi daha geniş yayılmış yanaşmalar gərəkdir.
Federasiya Şurasının sədri Sergey Mironov hesab edir ki, miqrantlar yerli əhalini əmək bazarından sıxışdırmaqla Rusiya vətəndaşlarının cüzi əmək haqqı almalarına səbəb olurlar. Vəziyyət o yerə çatıb ki, Rusiya vətəndaşı üçün hətta ixtisas tələb etməyən adi işə girmək belə, əslində, mümkünsüzdür. S.Mironovun fikrincə, əcnəbilərin işə qəbulunda əsas meyar rus dilini bilmələri və təhsillərinin səviyyəsi olmalıdır.
K.Romodanovski xatırlatmışdır ki, hökumətin qərarı ilə nəzərdə tutulmuş qaydalar gələn il qüvvəyə minəcəkdir. Məsələn, əcnəbilərin işləmələri üçün məhdudiyyətlər tətbiq ediləcəkdir. Pərakəndə ticarətdə və bazarlarda işləyən əcnəbilərin sayı 40 faizdən çox olmayacaqdır. Əcnəbilər dərman və alkoqollu içkilər ticarətinə yaxın buraxılmayacaqlar.