MƏDƏNİYYƏT
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Qafqaz İslam Ordusu haqqında sənədli filmin təqdimatı olmuşdur
Bakı, 11 sentyabr (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Azərbaycanfilm” kinostudiyasında rejissor Ziya Şıxlinskinin çəkdiyi Qafqaz İslam Ordusu haqqında sənədli filmin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, Qafqaz İslam Ordusunun döyüş yolundan bəhs edən filmə ilk dəfə olaraq Rusiya, Türkiyə və Böyük Britaniyanın hərbi arxivlərindən götürülmüş sənədli kadrlar daxil edilmişdir.
Rejissor Ziya Şıxlinski Qafqaz İslam Ordusunun Azərbaycanda uğurlu missiyasına və Bakının erməni daşnaklarından azad edilməsinə həsr olunmuş film üzərində apardığı işdən, Qafqaz İslam Ordusunun müzəffər yürüşü zamanı gedən gərgin döyüşlərdən, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın və Əliağa Şıxlinskinin hərbi strategiyasının incəliklərindən və döyüş xəritələrindən bəhs etmişdir.
Filmdə Nuru Paşa və Əliağa Şıxlinskinin bədii obrazları Qazaxda və Gəncədə ordunun qarşılanması səhnələri, habelə döyüş yolu fraqmentlərini əks etdirən epizodlar ekranlaşdırılmışdır.
Filmdəki hadisələr 1918-ci il mayın 25-dən sentyabrın 15-dək olan dövrü əhatə edir.
Film TRT-nin Bakıdakı nümayəndəliyinin, Regional televiziya şəbəkəsinin, “Xəzər” TV-nin və Cənub regional televiziyasının texniki və informasiya dəstəyi ilə hazırlanmışdır. Filmdə Türkiyə Silahlı Qüvvələri Hərbi Arxivinin, Sankt-Peterburqdakı Rusiya Hərbi-Tarixi Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Muzeyinin, Azərbaycan Milli Arxiv Fondunun və Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmi saytının materiallarından istifadə edilmişdir.
Çəkilişlər Qazax, Gəncə, Kürdəmir, Şamaxı və Lənkəranda aparılmışdır.
Operator Yuri Varnovskidir.