Rusiya orta və yaxınmənzilli raketlərin ləğvi barədə müqavilədə iştirakını dayandırır
Bakı, 2 fevral, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri və xarici işlər naziri Sergey Şoyqu və Sergey Lavrovla görüşü zamanı ölkənin orta və yaxınmənzilli raketlərin ləğv edilməsi barədə müqavilədə iştirakının dayandırıldığını deyib.
AZƏRTAC bu barədə TASS informasiya agentliyinə istinadla xəbər verir.
“Bizim cavabımız qarşılıqlı olacaq. Amerikalı tərəfdaşlar sazişdən çıxdıqlarını elan edib”, - deyə Vladimir Putin bildirib. O, həmçinin Rusiyanın təkliflərinin “masanın üstündə olduğunu” və “danışıqlar üçün qapıların açıq saxlandığını” qeyd edərək bu məsələ ilə bağlı danışıqlara təşəbbüs cəhdlərini dayandırmağı tapşırıb.
Rusiya lideri xatırladıb ki, Moskva uzun illər ərzində tərksilah mövzusu üzrə danışıqlar barədə məsələ qaldırsa da tərəfdaşlar bu təşəbbüsləri dəstəkləmir. “Əksinə, bütün bu dövr ərzində beynəlxalq təhlükəsizlik sistemin dağıdılması üçün müxtəlif bəhanələr tapılır”, - deyə Vladimir Putin əlavə edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun fevralın 2-də orta və yaxınmənzilli raketlərin ləğv edilməsi barədə müqavilə çərçivəsində öhdəliklərini dayandıracağını və altı aydan sonra müqavilədən çıxacağını bəyan edib. Bu, dünyanın bir çox ölkələrində və beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub.