Rusiya Prezident kitabxanası nümayəndə heyəti Bakıdakı Rus Evini ziyarət edib
Bakı, 24 noyabr, AZƏRTAC
B.N.Yeltsin adına Rusiya Prezident kitabxanasının baş direktoru Yuri Nosovun başçılıq etdiyi nümayəndə heyəti Bakıdakı Rus Evini ziyarət edib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin rəhbəri İrek Zinnurov rus dili və uşaq yaradıcılığı mərkəzini və Rus Evinin gənclər üçün kovorkinq (iş yerinin icarəsi) mərkəzini qonaqlara göstərib.
Rusiya Prezident kitabxanasının baş direktoru Yuri Nosov MDB ölkələrinin milli kitabxanalarının, o cümlədən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının iştirakı ilə yaradılmış “Kitabxana cəbhəsi 1941-1945” adlı sənədli filmi Bakıdakı Rus Evinə hədiyyə edib.
Tərəflər birgə layihələrin həyata keçirilməsi məsələsini də müzakirə ediblər.