RUSİYA QOLODOMORU SOYQIRIMI AKTI KİMİ TANIMIR
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti MDB ölkələrinin Ukraynada Qolodomoru Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanınmasını iclasın gündəliyinə daxil etmək təklifi vermişdi. Nazir demişdir ki, iclas iştirakçıları Ukrayna xalqı ilə həmrəy olduğunu bildirmişlər, lakin səsvermədə bu məsələni gündəliyə salmamaq qərara alınmışdır.
Ukraynanın xarici işlər naziri Boris Tarasyuk bu məsələdə Rusiyanın mövqeyini kommunist rejiminin cinayətlərinə qiymət verməmək istəyi ilə əsaslandırmışdır. O, Rusiyanın mövqeyini şərh edərək demişdir ki, Rusiya, bir tərəfdən, özünü Sovet İttifaqının varisi kimi təsdiqləməyə çalışır, digər tərəfdən isə, davamçısı olduğu ölkənin törətdiyi cinayətlərə görə məsuliyyəti üzərinə götürməkdən boyun qaçırır.
Məsələnin gündəliyə salınmasının lehinə Gürcüstan, Moldova, Azərbaycan və Ukrayna, əleyhinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistan səs vermiş, Ermənistan, Türkmənistan və Qazaxıstan bitərəf qalmışdır.
Xatırladaq ki, bir sıra ölkələrin parlamentləri Qolodomoru Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanımışdır. 2003-cü ilin noyabrında BMT-nin üzvü olan 25 dövlət birgə bəyanat hazırlayaraq, Qolodomoru totalitar rejimin yeritdiyi siyasətin dəhşətli nəticəsi adlandırmışdır. Sonralar bu bəyanata digər dövlətlər də qoşulmuşdur.