RUSİYA SƏFİRLİYİNDƏ SANKT-PETERBURQUN 300 İLLİYİ ŞƏRƏFİNƏ XATİRƏ MEDALININ TƏQDİM EDİLMƏSİ MƏRASİMİ
İyulun 15-də Rusiyanın ölkəmizdəki səfirliyində Azərbaycanın dövlət və ictimai xadimlərinə, Leninqradın müdafiəsinin iştirakçılarına, blokada şəhərinin sakinlərinə “Sankt-Peterburqun 300 illiyi xatirə medalı”nın təqdim edilməsi mərasimi keçirilmişdir. Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Nikolay Ryabov mərasimdə çıxışında vurğuladı ki, Bakı MDB ölkələrinin paytaxtları arasında Rusiyanın Şimal paytaxtının – Sankt-Peterburqun 300 illiyinin təntənəli surətdə qeyd edildiyi yeganə şəhər olmuşdur. O, xatirə medalı ilə təltif edilənlər arasında, ilk növbədə, Azərbaycan Prezidenti Heydər Əliyevin adını çəkdi. Səfir bildirdi ki, bu mükafatı Azərbaycan dövlətinin başçısına Rusiya Prezidenti Vladimir Putin təqdim etmək niyyətindədir. O, yaxın vaxtlarda imkan düşən kimi Azərbaycana gələcəkdir. Sonra mükafatın təqdim edilməsi mərasimi oldu. Azərbaycanın baş naziri Artur Rasizadə medalla təltif olunmasına görə minnətdarlığını bildirərək, Vladimir Putin Rusiya rəhbəri seçildikdən, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərindən sonra ölkələrimiz arasında qarşılıqlı münasibətlərdə yeni dinamika yarandığını vurğuladı. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayevə, Rusiya səfirliyinin əməkdaşlarına da xatirə medalları təqdim edildi. Təltif olunanların siyahısında cəmi 42 adam var. Sankt-Peterburqun Azərbaycan diasporu rəhbərinin müavini İsmayıl Rəhimov elan etdi ki, şəhərin Azərbaycan diasporu Leninqradın müdafiəsinin iştirakçıları olmuş Azərbaycan vətəndaşlarının və blokadanı yaşamış sakinlərin Nabrandakı istirahət zonalarından birində dincəlməsi üçün vəsait ayırmışdır. Sonra publisist Elmira Axundova Sankt-Peterburq meriyasının nümayəndələrindən Rusiya-Azərbaycan münasibətlərinin yeni mərhələsinə həsr etdiyi kitablarını şəhərin Azərbaycan diasporuna və kitabxanalarına çatdırmağı xahiş etdi. Mərasimin sonunda iştirakçılar xatirə şəkli çəkdirdilər.