RUSİYADA MİLLƏTÇİLƏRİN BASQINLARI NƏTİCƏSİNDƏ BU İL 18 ADAM HƏLAK OLMUŞDUR
Hüquq müdafiəçilərinin məlumatına görə, son vaxtlar Rusiyada milli nifrət zəminində qətllərin sayı kəskin şəkildə artmışdır. 2004-cü ilin birinci yarısında 7 qətl, 2005-ci ilin həmin dövründə 10 qətl qeydə alınmışdısa, cari ilin altı ayında artıq 18 belə hadisə baş vermişdir. 160-dan çox adam döyülmüşdür (2004-cü ilin birinci yarısında təxminən 100, keçən ilin müvafiq dövründə - təxminən 200 nəfər).
Büronun faktları sübut edir ki, millətçilərin cinayətləri, əsasən, açıq-açığına davakar xarakter daşıyır və küçələrdə, elektrik qatarlarında, metro stansiyalarında camaatın gözü qarşısında baş verir. Ən çox cinayət Moskvada törədilir - 5 qətl və 50-dək zorakılıq hadisəsi. Bu rüsvayçı siyahıda Sankt-Peterburq, Voljsk və Voronej vilayəti də liderdir. Məruzəyə görə, skinhedlərin (qırxıqbaşların) zorakılığına ən çox azərbaycanlılar məruz qalırlar - 2 qətl və 41 zərərdidə. Sonrakı yerlərdə Cənubi Qafqazın digər respublikalarından, Afrika ölkələrindən və Orta Asiya dövlətlərindən olanlar gəlir.
O ki qaldı, belə cinayətlərə görə cəzalara, hüquq müdafiəçilərinin dedikləri kimi, məhkəməyə çox vaxt sıravi icraçılar cəlb edilir, ideoloqlar və təhrikçilər isə cəzasız qalırlar.
“Novıye izvestiya” qəzeti yazır ki, cari ilin birinci yarısında millətçiliklə bağlı cinayətlərə görə 35 adam mühakimə edilmiş, o cümlədən 27 nəfər azadlıqdan real surətdə məhrum olunmuşdur. Hazırda 51 millətçinin işi məhkəmədədir. Onların 18-i “etnik nifrət zəmnində qətldə”, 19-u “milli ədavəti qızışdırmaqda”, “ekstremist qruplaşma yaratmaqda” və “ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə” təqsirləndirilir.