Rusiyalı əkiz bacılardan bədii gimnastika üzrə dünya kuboku turnirində möhtəşəm nəticə
Bakı, 27 aprel, AZƏRTAC
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində fərdi proqramda çoxnövçülük yarışlarının qalib və mükafatçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, rusiyalı əkiz bacılar Dina və Arina Averina müvafiq olaraq turnirin qızıl və gümüş medallarını qazanıblar. Onlar halqa, top, lent və gürzlərlə hərəkətlərin cəmində müvafiq olaraq 85,600 və 79,850 xal toplayıblar. Turnirin bürünc mükafatçısı 78,900 xala malik Ukrayna təmsilçisi Vlada Nikolçenko olub.
Azərbaycan gimnastlarından Zöhrə Ağamirova 73,350 xalla 13-cü, Veronika Qudis isə 66,400 xalla 30-cu yerdə qərarlaşıblar.
İlk üç yeri tutan fərdi gimnastlar medal və hədiyyələrlə təltif olunublar. Rusiya təmsilçisi Dina Averina qızıl medalla yanaşı, ən yüksək icra xalını topladığına görə "AGF Trophy" və dörd dünya kuboku yarışının üçündə ən yaxşı nəticə göstərdiyi üçün FIG kuboklarına sahib olub.
Mükafatlandırma mərasimində qaliblərə medalları Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov, Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva, bədii gimnastika üzrə milli komandamızın məşqçiləri Yevgeniya Jıdkova, Nigar Əbdülsəlimova və Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin prezidenti Nataliya Kuzman təqdim ediblər.