RUSİYANIN QƏBƏLƏ RLS İLƏ BAĞLI TƏKLİFİ QÜVVƏDƏ QALIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ ilə Çexiya arasında raketdənmüdafiə sistemi elementlərinin yerləşdirilməsi barədə sazişin imzalanmasına baxmayaraq, Moskva hesab edir ki, Azərbaycanın Qəbələ RLS-dən birgə istifadə barədə Rusiyanın ABŞ tərəfinə etdiyi təkliflər hələ qüvvədə qalır.
Raketdənmüdafiə sisteminə dair ABŞ ilə ekspertlər səviyyəsində aparılan danışıqlarda nümayəndə heyətinə başçılıq edən RF xarici işlər nazirinin müavini Sergey Kislyak bildirmişdir ki, Ümumavropa təhlükəsizliyinin təmin edilməsinə dair, o cümlədən Qəbələ RLS ilə əlaqədar təkliflər hələ tətbiq oluna bilər, çünki bu, əməkdaşlığın ümumi konsepsiyasının bir hissəsidir. Əgər Vladimir Putinin təklif etdiyi sxemə əməl olunarsa, bu, həm ABŞ-ın, həm Rusiyanın, ola bilsin NATO-nun da maraqlarına cavab verəcəkdir. Diplomatın sözlərinə görə, bu təklif qüvvədə qalır və həyata keçirilə bilər. O demişdir: “Amerikalılar öz ssenariləri üzrə hərəkət edərək Çexiya ilə saziş imzalamışlar. Bu isə təhlükəsizliyi təmin etmək üçün heç də ən yaxşı vasitə deyildir”. S.Kislyak vurğulamışdır ki, əgər NATO-da vahid kollektiv xətt olarsa, işləri Moskvanın təklifi əsasında qurmaq mümkündür.
Sergey Kislyak bildirmişdir ki, Rusiya ABŞ ilə raketdənmüdafiə problemi ilə əlaqədar dialoqu davam etdirir. Hərçənd ABŞ-ın mövqeyi Moskvaya aydın deyildir. Raketdənmüdafiə sisteminin Polşada deyil, Litvada yerləşdirilməsinin mümkünlüyünü şərh edən diplomat demişdir ki, bu, Rusiyanın təhlükəsizliyi üçün daha çox qorxu yaradır.