Rusiyanın Xalq artisti Sergey Roldugin Rostropoviçlərin ev-muzeyində olub
Bakı, 28 sentyabr, AZƏRTAC
Sankt-Peterburq “Musiqi evi”nin prezidenti, Rusiyanın Xalq artisti, mahir violonçel ifaçısı Sergey Roldugin Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyini ziyarət edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Əməkdar mədəniyyət işçisi, muzeyin direktoru Şeyla Heydərova muzeyin yaranma tarixindən, M.Rostropoviçin Bakı səhifələrindən söz açıb. Ekspozisiya ilə tanışlıqdan sonra muzeyin fonduna aid nadir materiallardan ibarət sərgi nümayiş etdirilib. S.Roldugin ekskursiya boyu maestro ilə olan maraqlı xatirələrini bölüşüb.
Maestronun Heydər Əliyevə yazdığı şəxsi məktubları, müharibə zamanı hərbi hospitalda əsgərlərin qarşısında verdiyi konsert zamanı geyindiyi gödəkcə, Fransanın “Fəxri legion” ordeni, onun uşaqlıq dövrünə aid şəkilləri, atasının ona yazdığı sonuncu məktubla tanışlıq olub. Qonaq 2012-ci ildə muzeyin direktoru Ş.Heydərovanın redaktorluğu ilə ərsəyə gələn “Azərbaycan bəstəkarlarının violonçel və fortepiano üçün əsərləri” toplusu ilə maraqlanıb. Sergey Roldugin ekspozisiyada yer alan Azərbaycanın məşhur rəssamı Tahir Salahov tərəfindən çəkilən maestronun portretini çox bəyəndiyini bildirib.
Sonra maestronun Bakı dövrünü əhatə edən şəkillərdən hazırlanmış videoçarxa baxış olub.
Sonda qonaq muzeyin xatirə kitabına ürək sözlərini yazıb.