Rusiyanın xarici işlər və müdafiə nazirləri Misirdə danışıqlar aparırlar
Əmman, 14 noyabr (AZƏRTAC). Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu Misirdə səfərdədirlər. Bu gün səfər çərçivəsində onlar misirli həmkarları ilə ikitərəfli danışıqlar aparmışlar. Bu idarələrin başçılarının səfəri və “2+2” formatında danışıqlar iki ölkə arasında dostluq münasibətləri tarixində ilk dəfə həyata keçirilir.
Misirin müdafiə və hərbi sənaye naziri Əbdül Fəttah əs-Sisi S.Şoyqu ilə görüşündən sonra demişdir: “Moskva ilə Qahirənin əməkdaşlığı Yaxın Şərqdə sülhün bərqərar olmasına və təhlükəsizliyin qorunub saxlanmasına kömək göstərir. Rusiya ilə Misirin əməkdaşlığı hər iki ölkənin Yaxın Şərq regionunda təhlükəsizliyin təmin olunmasına kömək edən ümumi ədalətli və tarazlaşdırılmış sülhün bərqərar edilməsi məqsədlərinə nail olmağa kömək göstərəcəkdir”. O həmçinin qeyd etmişdir ki, Qahirədə Rusiya tərəfi ilə aparılan danışıqlar uzunmüddətli strateji və tarixi münasibətlərin davam etdirildiyini, hərbi sahədə birgə işin və konstruktiv səmərəli əməkdaşlığın yeni mərhələsinin başlandığını göstərir.
Bu gün iki ölkənin xarici siyasət idarələrinin başçıları Nabil Fəhminin və Sergey Lavrovun görüşü olmuşdur. Görüşdə ikitərəfli münasibətlər, beynəlxalq və regional məsələlər müzakirə olunmuşdur. Tərəflər terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, o cümlədən terrorizmə qarşı mübarizə üzrə ikitərəfli işçi qrupunun fəaliyyətinin bərpa edilməsi barədə razılığa gəlmişlər. Misir və Rusiya tezliklə Yaxın Şərqdə kütləvi qırğın silahından azad zona yaradılmasına dair konfrans çağırılmasına tərəfdar olduqlarını bildirmişlər. Tərəflər həmçinin turizm barədə dialoqun daha da inkişaf etdirilməsi məsələsində razılığa gəlmişlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman