SAATLIDA 2007-Cİ İLİN SOSİAL-İQTİSADİ YEKUNLARI GENİŞ TƏHLİL OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Saatlı Rayon İcra Hakimiyyətində 2007-ci ilin sosial-iqtisadi yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Hüseynov məruzəsində ölkə iqtisadiyyatının uğurlarını xatırlatmış, hesabat ilində rayonun iqtisadiyyatını təhlil etmişdir. Göstərmişdir ki, 2003-cü illə müqayisədə 2007-ci ildə rayon üzrə ümumi məhsul istehsalının həcmi 50 faiz artaraq 76 milyon 284 min manat olmuşdur. Bunun 89,2 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Keçən il 2425 iş yeri açılmışdır. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 2003-cü illə müqayisədə 3,3 dəfə artaraq 116,4 manata çatmışdır. İl ərzində 55,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu yığılmışdır. Xatırladaq ki, respublikada tədarük edilən pambığın 20 faizi - 20 min 86 ton xam pambıq məhz Saatlıda istehsal olunmuşdur. Taxıl sahələrinin hər hektarının məhsuldarlığı 41,8 sentner olmuş, 60,4 min ton məhsul götürülmüşdür. Bu, respublika üzrə rekord göstəricidir.
Bildirilmişdir ki, son 4 ildə 1472 yerlik 8 yeni məktəb binası, 9 məktəbdə 1126 yerlik əlavə sinif otaqları tikilmiş, 18 məktəbdə əsaslı və cari təmir işləri görülmüşdür. Ötən il rayonun Qaracalar, Bəylik, Novruzlu, Musalı, Genişkənd və Əliabad kəndlərinin hər birində sutəmizləyici qurğu və 51 bulaq inşa olunmuşdur.
Digər çıxış edənlər də qazanılmış uğurları, mövcud problemləri və perspektivləri təhlil etmiş, təkliflər irəli sürmüş, ölkə başçısı İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti yekdilliklə dəstəklədiklərini bildirmişlər.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkənin əsas inkişaf göstəriciləri, sosial yönümlü siyasətin real nəticələri, insanları daha işıqlı sabaha aparan iqtisadi-siyasi kursun mühüm istiqamətləri haqda ətraflı məlumat vermişdir.
Milli Məclisin deputatı Gülhüseyn Əhmədov yığıncaqda çıxış etmişdir.
Tədbirdə Prezidentin İcra Aparatının məsul əməkdaşı Dəyanət Abdullayev iştirak etmişdir.