REGİONLAR
Saatlıda ötən il görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
Saatlı, 15 fevral, Mahir Babayev, AZƏRTAC
2018-ci ildə Saatlıda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam etdirilib, abadlıq, quruculuq və tikinti işləri sürətləndirilib. Ötən il rayonda ümumi məhsul buraxılışının dəyəri 258583,1 min manat olub. Sənaye sahəsində 18,8, rabitədə 13,8, ticarətdə 2,6, nəqliyyatda isə 1,5 faiz artım qeydə alınıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi də əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artaraq 31508 min manata çatıb. Ümumiyyətlə, son 15 ildə sənaye istehsalı üzrə 3,5, kənd təsərrüfatı üzrə 3,9, tikinti üzrə 16,8 dəfə, nəqliyyat üzrə 2,9, ticarət üzrə isə 8,6 dəfə artım olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Saatlıda 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov məruzə edib.
Bildirilib ki, hesabat dövründə 792000 kvadratmetr yerli əhəmiyyətli avtomobil yollarının saxlanılmasına 1060,8 min manat vəsait sərf edilib. Dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisi yekunlaşıb.
Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında da davamlı inkişaf təmin olunub. Pambıqçılığın inkişafı ilə bağlı yaradılmış hərtərəfli şərait, müasir texnologiyaların tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək istehsalçıları daha da ruhlandırıb, onların pambıq əkininə maraqlarını xeyli artırıb. 2018-ci ildə 15815 hektarda çiyid səpini aparılıb və hər hektardan 19,25 sentner olmaqla 30447,84 ton pambıq yığılıb. Pambığın becərilməsi və yığımı işlərinə 10950 nəfər cəlb olunub. Məhsul yığımından pambıqçıların əldə etdiyi xalis gəlir 7084140 manat olub. Rayonun yaşayış məntəqələri üzrə isə Dədə Qorqud, Əhmədbəyli və Qara Nuru kəndinin pambıqçıları daha yüksək gəlir əldə ediblər.
Ötən dövrdə 22 min 350 hektar taxıl sahəsinin hər hektarından 45 sentner olmaqla 91 min 635 ton taxıl yığılıb, 7 min 20 ton ət (diri çəkidə), 41 min 478 ton süd, 155,8 ton yun, 11925 min ədəd yumurta istehsal olunub, iribuynuzlu mal-qaranın baş sayı 67,555, qoyun və keçilərin sayı isə 117 min 372 başa çatıb.
Yığıncaqda rayonda yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində qarşıda duran vəzifələr də ətraflı təhlil olunub.
Sonda cari ildə görüləcək işlər müəyyənləşdirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.