“SABAH” tələbələri “Sağlam təhsil” siniflərində pedaqoji təcrübə keçiblər
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “SABAH” qrupları və “Sağlam təhsil-sağlam millət” layihəsinin əməkdaşlığı çərçivəsində görüş olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ADPU-nun “SABAH” qruplarında ibtidai sinif müəllimliyi ixtisasında təhsil alan III və IV kurs tələbələrinin “Sağlam təhsil” siniflərində keçdikləri pedaqoji təcrübənin yekunlarına həsr olunan görüşdə müəllim və tələbələr, metodist və psixoloqlar iştirak ediblər.
Tədbirdə təcrübə keçmiş tələbələr, habelə “Sağlam təhsil” siniflərinin müəllimləri sertifikat və təşəkkürnamələrlə təltif olunublar.
Cari ilin fevralında 16 məktəbin “Sağlam təhsil” siniflərində keçirilmiş təcrübədə 41 “SABAH” tələbəsi iştirak edib. Tələbələrə təcrübə müddətində “Sağlam təhsil” siniflərinin müəllimləri, həmçinin metodist, pedaqoq və psixoloqları davamlı dəstək göstərib. Tələbələrin təcrübə dövrünə hazırlığı məqsədilə onlar üçün sağlam təhsil texnologiyaları, sinif gigiyenası və digər mövzularda 10 saatlıq təlimlər keçirilib. Eyni zamanda, tələbələr təcrübə dövründə öncədən müəyyən olunmuş mövzular üzrə tədqiqat işləri üzərində çalışıblar. Seçilmiş ən yaxşı üç tədqiqat işi hesabat görüşündə nümayiş olunub.
“SABAH” tələbələrinin “Sağlam təhsil” siniflərində təcrübə proqramı artıq üçüncü dəfə təşkil olunur.