SABİRABADDA 2007-Cİ İLDƏ ÜMUMİ MƏHSUL İSTEHSALI 15,3 FAİZ ARTMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sabirabadda 2007-ci ildə rayonda ictimai-siyasi və sosial-iqtisadi sahələrdə görülmüş işlər və 2008-ci ildə qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Heydər Abbasov qeyd etmişdir ki, rayonda ötən il 3631 iş yeri açılmışdır. Bunun 1351-i daimidir. Həmin dövrdə 48 yeni müəssisə yaradılmışdır.
Bildirilmişdir ki, ümumi məhsul istehsalı əvvəlki ilə nisbətən 15,3 faiz yüksələrək 135,5 milyon manat təşkil etmişdir. Sənaye məhsullarının həcmi isə 31,4 faiz artaraq 5 milyon 759 min manata çatmışdır. Əsas kapitala yönəldilən investisiyanın həcmi 17 milyon 890 min manat, başqa sözlə, əvvəlki illə müqayisədə 2 dəfə çox olmuşdur. Ümumi məhsul buraxılışının 83,7 faizi, sənaye məhsulu həcminin 51 faizi özəl bölmənin payına düşmüşdür.
Qeyd edilmişdir ki, hesabat dövründə adambaşına düşən pul gəlirləri əvvəlki illə müqayisədə 31,7 faiz, orta aylıq əmək haqqı 53,9 faiz artmışdır.
Rayon Ağsaqqallar Şurasının üzvü Salamulla Abdullayev, şəhid atası Ziyadxan Gözəlov, əməkdar müəllim Zibeydə Mirzəyeva və başqaları qazanılan nailiyyətlərdən danışmış, qarşıda dayanan yeni vəzifələrdən söz açmışlar.
Kapital Bankın sədri Rauf Rzayev çıxış edərək ölkədə həyata keçirilən nəhəng inkişaf strategiyasının əsas məqamlarını konkret faktlarla açıqlamışdır.
Tədbirdə Prezidentin İcra Aparatının məsul əməkdaşı Dəyanət Abdullayev və Milli Məclisin deputatı Rüstəm Xəlilov iştirak etmişlər.
Yığıncaq iştirakçıları adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunmuşdur.