Sabirabadda Azərbaycan Gəncləri Günü qeyd olunub
Sabirabad, 30 yanvar, AZƏRTAC
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və YAP Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Mil-Muğan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə,
tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin, YAP Sabirabad rayon təşkilatının, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin və Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi və əməkdaşları, eləcə də mədəniyyət və ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.
Öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə çıxış edənlər, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini qeyd edib, gənclərin ölkənin ictimai və mədəni həyatında fəallığının dövlətin inkişafına töhfə verdiyini diqqətə çatdırıblar.
Sonra regionun ictimai-mədəni həyatında fərqlənən bir qrup gənc fəxri fərman və müxtəlif hədiyyələrlə təltif olunublar. Daha sonra videoçarx nümayiş etdirilib.
Tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə təqdim olunan konsert proqramı ilə davam edib.