ŞAĞAN QƏSƏBƏSİNDƏKİ 3 NÖMRƏLİ İNTERNAT EVİNİN UŞAQLARI TİBBİ MÜAYİNƏDƏN KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, tibbi müayinənin aparılması ilə bağlı ilk tədbir dekabrın 4-də Əzizbəyov rayonunun Şağan qəsəbəsindəki 3 nömrəli internatda keçirilmişdir.
Komitə sədrinin müavini Sədaqət Qəhrəmanova, həkimlər briqadasının rəhbəri, 2 nömrəli kliniki uşaq xəstəxanasının baş həkimi, tibb elmləri doktoru Azər Xudiyev bildirmişlər ki, tədbirdən əsas məqsəd əlil uşaqları hərtərəfli müayinədən keçirmək, onların xəstəlik diaqnozlarını dəqiqləşdirmək, stasionar müalicəyə ehtiyacı olan uşaqları xəstəxanalara yerləşdirmək və orada müalicə etməkdir. Buraya gəlmiş həkimlər briqadası kardioloq, burun, qulaq, boğaz və göz həkimləri, uşaq nevropatoloqu və s. yüksək səviyyəli mütəxəssislərdən ibarətdir.
Prezident İlham Əliyevin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində aparılan bu müayinələr 3 nömrəli internat evi ilə yanaşı, sağlamlıq imkanı məhdud olan uşaqların tərbiyə aldığı daha üç internat və uşaq evini də əhatə edəcəkdir.