Şagirdlərə qrafik dizayn məhsullarının hazırlanmasını tədris edən layihənin icrasına başlanılıb
Bakı, 7 noyabr, AZƏRTAC
Bakı şəhəri Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə “Qrafik dünya” təhsildə dizayn bacarıqlarının öyrədilməsi layihəsinin icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə icra olunan layihə Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibidir. Layihə 6 ay müddətində icra ediləcək.
“Qrafik dünya” təhsildə dizayn bacarıqlarının öyrədilməsi layihəsinin rəhbəri məktəbin direktoru Tünzalə Zeynalovadır. Layihənin məqsədi orta məktəb müəssisələrində qrafik dizayn bacarıqlarının tədris edilməsidir.
Layihə 20 müəllim, 20 şagird üçün qrafik dizayn bacarıqlarını tədris edən kursun formalaşdırılmasını hədəfləyir. Dizayn kursunu bitirənlər poster, vizit kartı, flayer, buklet, dəvətnamə, jurnal, kataloq, loqo və bu kimi qrafik dizayn məhsullarını sərbəst hazırlaya biləcək.