Şagirdlərimiz pianoçuların II Beynəlxalq “Edelwiess” müsabiqəsində uğur qazanıb
Bakı, 18 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Avstriyanın paytaxtı Vyanada keçirilən pianoçuların II Beynəlxalq “Edelwiess” müsabiqəsində iştirak ediblər.
Musiqi məktəbindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə fortepiano ixtisası üzrə IV sinif şagirdi Ləman Seyidova (Əməkdar Müəllim Kamilla Əmirova) İ.S.Bax “İki səsli invensiya”, F.Şopen “Polonez” və P.İ.Çaykovskinin “İlin fəsilləri” məcmuəsindən “Mart” əsərlərini və fortepiano ixtisası üzrə IX sinif şagirdi Fidan Əmişova (professor Siala Sinamdzqvarişvili) L.V. Bethoven “Sonata №1” (fa minor) I hissə, F.Şopen “Etud №9” (fa monor), F.Şopen “Noktyurn” (mi minor) əsərlərini məharətlə ifa ediblər.
Səkkiz ölkədən 50 nəfərdən artıq iştirakçının qatıldığı bu müsabiqədə ölkəmizi təmsil edən Ləman Seyidova münsiflər heyətinin qərarı ilə ən yüksək mükafata Qran-Priyə, Fidan Əmişova isə II dərəcəli diplom layiq görülüb.