Sağlamlıq imkanları məhdud uşaqların səyyar sosial reabilitasiyasına başlanılıb
Bakı, 1 iyun, AZƏRTAC
Sosial Xidmətlər Agentliyi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə sağlamlıq imkanları məhdud 6 yaşadək uşaqların səyyar formada sosial-psixoloji və sosial-pedaqoji reabilitasiyasına başlayıb. Xidmət pilot layihə olaraq əvvəlcə Bakının Səbail və Yasamal rayonlarında həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, agentliyin əməkdaşları Yasamal rayonunun N. Nərimanov küçəsində yaşayan Abbas Kavlakın ailəsində uşaq iflicindən əziyyət çəkən 3 yaşlı Zülfüqarı müayinə edərək onun sağlamlıq vəziyyətini qiymətləndiriblər.
Qeyd edək ki, Zülfüqar ailənin ikinci övladıdır. Onun 10 yaşlı bacısı Elif isə talassemiyadan əziyyət çəkir. Anası Mətanət uşağın sağlamlıq vəziyyəti barədə deyib: “Zülfüqarın əllərində, sinəsində problemlər var, bir neçə dəfə qıcolma keçirib. Hələ də danışa bilmir, özünəqapanmaya meyillidir. Həyətdə, bağçada heç kəslə oynamır. Hətta bağçada da yalnız evdə öyrəşdiyi oyuncaqları ilə əylənir”.
Agentliyin psixoloq, pedaqoq, sosial işçi və loqopedlərdən ibarət mütəxəssisləri Zülfüqarın yaşadığı ünvanda onu müayinədən keçiriblər və bundan sonra uşağı kompleks (sistemli) şəkildə sosial-psixoloji və sosial-pedaqoji reabilitasiya xidmətləri ilə təmin edəcəklər. Sağlamlıq imkanları məhdud uşaqlarda davranış pozuntuları, əsəbi idarəetmə problemləri, diqqət yayınıqlığı, əhvalın qeyri-sabitliyi, hiperaktivlik, adaptasiya problemi, həmyaşıdlarla mübahisə etmək və s. kimi halların reabilitasiyası nəzərdə tutulur.
Bu məqsədlə müxtəlif proqram və terapiyalardan, pedaqoji texnika və pediatrik reabilitasiya üsullarından istifadə olunacaq, psixoloji konsultasiyalar aparılacaq. Valideynlər üçün maarifləndirici təlim və seminarlar, dəstək qrupları da təşkil olunacaq.
Agentliyin Səyyar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Tamara Mikayılova qeyd edib ki, əvvəlcə belə uşaqların ailələri ilə görüş keçirilir və ilkin qiymətləndirməyə başlanılır. Uşaqların ailələrinin maarifləndirici təlim və seminarlara cəlb edilməsi və dəstək qruplarının təşkili də nəzərdə tutulur.
Reabilitasiya seansları həftədə beş dəfə keçiriləcək. Hər seansın müddəti uşağın mövcud durumu, yaşı və tətbiq olunan texnikalardan asılı olaraq 30-45 dəqiqədir. Xidmətdən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinə və agentliyin Səbail, Yasamal rayonları üzrə filiallarına müraciət edə bilərlər.
Sağlamlıq imkanları məhdud uşaqlarla psixoloji reabilitasiya prosesində ABA terapiyası, Yoqa, TEACCH proqramı, erqoterapiya, Art terapiyadan da istifadə olunacaq.