Sağlamlıq imkanları məhdud yeniyetmələr arasında intellekt yarışı keçirilib
Naxçıvan, 13 avqust, AZƏRTAC
“Xəmsə” milli intellekt oyunu üzrə fərdi mübarizə xarakteri daşıyan yarışa 12 iştirakçı qatılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışdan əvvəl çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və Dövlət Sosial Təminat Xidmətinin sektor müdiri Zaur Hüseynov sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərə göstərilən hərtərəfli dövlət qayğısından, həyata keçirilən işlərdən və yarışın əhəmiyyətli tərəflərindən bəhs ediblər.
Qaydalar haqqında məlumat verildikdən sonra intellekt mübarizəsinə start verilib.
Yekun nəticələrə əsasən, İlqar Məmmədli 6000 xallıq göstərici ilə oyunu birinci sırada tamamlayıb. Fatimə Əsədli (3600) ikinci, İradə Hüseynli (3200) isə üçüncü olublar.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən birgə təşkil olunan yarışın sonunda iştirakçılar diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.