Şahbuz gəncləri üçün motivasiyayönümlü təlim təşkil olunub
Şahbuz, 25 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şahbuz rayonunda yaşayan gənclər üçün motivasiyayönümlü təlim təşkil olunub.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva tədbirin əhəmiyyəti barədə danışıb. Bildirib ki, gənclərin yaradıcılıq potensialının və bacarıqlarının inkişafına zəmin yaradılması dövlət gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Muxtar respublika gənclərinin şəxsi inkişafına dəstək məqsədilə keçirilən müxtəlif təlim və seminarlar da bu məqsədə xidmət edir.
Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev rayon gənclərinin bu cür tədbirlərə cəlb olunmasının təqdirəlayiq hal olduğunu vurğulayıb, təlimin iştirakçılar üçün faydalı olacağına inamını ifadə edib.
Sonra təlimçi-psixoloq Əsmər Səfərovanın təqdimatında təlimə start verilib. O, pozitiv yanaşmanın, bu yöndə yaradılan düşüncələrin insan həyatına və fəaliyyətinə verdiyi faydalardan danışıb, şəxsi bacarıqların kəşf edilməsi, özünəinamın artırılması, stresdən uzaqlaşmağın yolları və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.
Diskussiya şəraitində keçən təlimdə gənclərin mövzu ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.