REGİONLAR
Sahibkar qadınların vergi biliklərinin artırılmasına dair müzakirələr aparılıb
Bakı, 10 avqust, AZƏRTAC
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisi tərəfindən həyata keçirilən “CIAT Paylaşımdır” Proqramı çərçivəsində Gəncə şəhərində 12 saylı Ərazi Vergilər Baş İdarəsinin dəstəyilə “Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda növbəti təlim keçirilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəhbərliyinin də iştirak etdiyi təlimə Gəncə şəhəri, Göygöl, Goranboy, Şəmkir və Tovuz rayonlarında fəaliyyət göstərən 50 qadın sahibkar qatılıb.
Təlim zamanı müxtəlif vergi növləri, habelə vergi hesabatlarının hazırlanması ilə bağlı nəzəri və praktiki izahlar, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət məsələləri barədə məlumatlar qadın sahibkarların diqqətinə çatdırılıb.
Təlimdə səsləndirilən suallar ətrafında müzakirələr aparılıb.