SAHİBKARLARA DÖVLƏT QAYĞISI GÜCLƏNDİRİLİR
Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış 74 milyon AZN məbləğində vəsaitin güzəştli kredit şəklində sahibkarlıq subyektlərinə verilməsi müsabiqə komissiyası tərəfindən seçilmiş 31 müvəkkil kredit təşkilatı (25 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı, 5 kredit ittifaqı) tərəfindən həyata keçirilir. Artıq birinci və ikinci mərhələ üzrə nəzərdə tutulmuş 42 milyon AZN məbləğində vəsait fondun hesabına köçürülmüşdür.
Bu il iyulun 1-dək Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə respublikanın 54 şəhər və rayonu üzrə 822 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 39,6 milyon AZN güzəştli kredit verilmişdir.
Güzəştli kreditlər sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kəndli təsərrüfatlarının, turizm infrastrukturunun, xidmət sahələrinin inkişafı layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir.
Maliyyələşdirilən layihələrin 80 faizdən çoxu respublikanın regionlarının payına düşür və onların 90 faizi istehsal və emal yönümlüdür. Qalan layihələr isə xidmət və turizm sahələrini əhatə edir.
Ötən altı ayda verilmiş güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 8 minə yaxın yeni iş yerinin yaradılacağı gözlənilir.