“Şahin” hərbi-idman oyununun Abşeron rayon mərhələsinin qalibi məlum olub
Sumqayıt, 7 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayon Novxanı kənd 1 nömrəli tam orta məktəbdə keçirilən “Şahin” hərbi-idman oyununun rayon mərhələsinin qalibi müəyyənləşib.
Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə reallaşan yarışın məqsədi böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.
AZƏRTAC xəbər verir ki, “Şahin” hərbi-idman oyununun rayon mərhələsi Azərbaycanın Dövlət himninin oxunması ilə başlayıb.
Sıra təlimi mərhələsində komandalar hazırlıq səviyyələrini nümayiş etdiriblər. Tərkibinə 10 oğlan və 4 qız iştirakçının daxil olduğu komandalar sonra maneələrin dəf olunması, turnikdə dartınma, mülki müdafiə hazırlığı, yaralıya ilk tibbi yardımın göstərilməsi, çadırın qurulması və digər yarışlarda qüvvələrini sınayıblar.
Abşeron rayon Gənclər və İdman İdarəsinin müdiri Əsgər Əmirəliyev AZƏRTAC-a bildirib ki, rayon mərhələsinin qalibi adını qazanan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin komandası zona yarışlarına vəsiqə qazanıb.
“Şahin” hərbi-idman oyununun zona mərhələsi aprelin 19-20-də Xaçmazda keçiriləcək.