Şahin Həsənli: Bəşəriyyətə şəhid nicat verəcək
Bakı, 18 iyun, AZƏRTAC
Şəhidlik mübarizlik və vətənpərvərlik hissləri ilə yanaşı, geniş dünyagörüşünün, mükəmməl və nümunəvi yaşam tərzinin də ən yüksək zirvəsidir. Şəhidin bioloji ölümü onun mənəvi məqamının zühur etməsi, öz amalı, əqidəsi uğrunda bu ən yüksək zirvəyə çatmasıdır. Məhz bu baxımdan Mübariz İbrahimovun ölümün gözünə dik baxaraq, canı qədər sevdiyi Vətəni uğrunda son nəfəsinədək döyüşərək şəhidlik zirvəsinə ucalması hər bir azərbaycanlının və haqq-ədalət tərəfdarının qəlbində özünə əbədi yer tapıb.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı Şahin Həsənli Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.
Şəhidin öz haqqı uğrunda yox, ümumilikdə haqqın özü uğrunda canını fəda etdiyini vurğulayan Şahin Həsənli bildirib: “Bu düşüncədə olanlar çox olarsa, bütün haqq sahiblərinin haqqı təmin ediləcək. Haqdan, ədalətdən dəm vuranlar çoxdur. Şəhid həm də öz səmimiyyətini əməldə göstərib, pafoslu cümlələr quran saxtakarları ifşa edir. Şəhid eşqə fəda olmaqla maddəyə məna qazandırır. Şəhid digərlərini fədakarlığa rəğbətləndirir, bu səbəbdən də düşmənin qorxulu röyasıdır. Bəşəriyyətə şəhid nicat verəcək. Şəhadətin mübarək olsun, şəhid Mübariz!”