Şahmat üzrə Azərbaycan birinciliyinin seçmə yarışları başa çatıb
Ağcabədi, 31 yanvar, AZƏRTAC
Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən 8,10,12,14,16 yaşlı şahmatçıların Azərbaycan birinciliyinin seçmə yarışları başa çatıb. Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təsdiq etdikləri Şahmat yarışlarının illik təqvim planına əsasən keçirilən yarışda 43 rayondan 342 şahmatçı mübarizə aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 31-də yarışların bağlanış mərasimi keçirilib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov və Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev mərasimdə çıxış edərək, qalib şahmatçıları təbrik edib, onlara gələcək yarışlarda yeni-yeni uğurlar arzulayıblar.
Sonda yarışda fəal iştirak edən və ayrı-ayrı yaş qrupları üzrə şəxsi birincilikdə qalib gələn şahmatçılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr təqdim olunub.