Saloniki şəhərinin turizm potensialının Bakıda təqdimatı keçirilmişdir
Bakı, 12 noyabr (AZƏRTAC). Xəbər verildiyi kimi, Yunanıstanın Saloniki şəhərinin meri İoannis Boutarisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi 2014-cü ildə Salonikinin Avropa Gənclər paytaxtı seçilməsi ilə əlaqədar şəhərin turizm imkanlarının təqdimatının keçirilməsi və bu istiqamətdə iki ölkə arasında bir sıra layihələrin təşkil olunmasından ibarətdir.
Noyabrın 12-də “Four Seasons Baku” mehmanxanasında yunanıstanlı qonaqlarla görüş keçirilmişdir.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Gənclər və İdman Nazirliyinin Beynəlxalq şöbəsinin müdiri İlham Mədətov iki ölkə arasındakı sıx əlaqələrdən danışmış, ölkəmizin turizm imkanları haqqında məlumat vermiş, Azərbaycanın mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulamışlar.
Bildirilmişdir ki, Bakı 2015-ci ildə ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Artıq yarışa hazırlıq prosesi başlamışdır. Beynəlxalq qurumlar Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirir və 49 ölkədən atletlərin Bakıda toplaşmasını Azərbaycan üçün əlamətdar hadisə kimi dəyərləndirirlər. Ölkəmizin böyük tədbirlərə ev sahibliyi etməsi üçün artıq lazımi təcrübəsi vardır. Belə ki, keçən il “Eurovision” beynəlxalq mahnı müsabiqəsi və 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı yüksək peşəkarlıqla keçirilmişdir. Gəncənin 2016-cı il Avropa Gənclər paytaxtına namizəd olduğunu bildirən natiqlər qədim Azərbaycan şəhərinin avropalı gəncləri yüksək səviyyədə qəbul edəcəyinə əminliklərini ifadə etmişlər.
Paytaxtla yanaşı bölgələrdə də turizm infrastrukturunun inkişaf etdirildiyini vurğulayan natiqlər ölkəmizdə yüksək səviyyəli hotellərin fəaliyyət göstərdiyini demişlər.
Ölkəmizə səfər etdiyindən məmnun olduğunu bildirən Saloniki şəhərinin meri İoannis Boutaris Bakıda gördüklərindən yaxşı mənada təəccübləndiyini bildirmişdir. İki ölkə arasındakı əlaqələrdən danışan qonaq Azərbaycan və Yunanıstan arasında dostluq münasibətlərini yüksək qiymətləndirmişdir.
Sonra Saloniki şəhərindən bəhs edən təqdimat iştirakçılara nümayiş olunmuşdur. Bildirilmişdir ki, şəhərin adı Böyük İsgəndərin bacısının şərəfinə Saloniki adlandırılmışdır. Hazırda şəhərdə UNESCO-nun Dünya mədəni irsi siyahısına salınmış 15 abidə mövcuddur. Bunlar sırasında məscid, kilsə və digər tarixi abidələr də vardır. Saloniki şəhərinin turizm imkanlarının əks olunduğu təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Sonda qonaqlar tədbir iştirakçılarının suallarını cavablandırmışlar.